Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MKA məlumat yayıb.
İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir:
· Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki "Bağlı cihazlar" bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.
· İkimərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.
· Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.
· QR-kodlara və saxta bildirişlərə qarşı diqqətli olun. "Hesabınız bağlanacaq", "biznes hesabınızı təsdiqləyin" və ya "dəstək xidməti" adı ilə gələn saxta keçidlərə etibar etməyin, QR-kodları yalnız rəsmi platformalar üzərindən skan edin.
· Tətbiqi və telefonu yenilənməmiş saxlamayın. "WhatsApp" və "WhatsApp Business"i yalnız rəsmi tətbiq mağazalarından quraşdırın, bildirişləri açıq saxlayaraq yeni cihaz bağlantılarına nəzarət edin.
· Biznes hesabına çıxışı ciddi nəzarətdə saxlayın. Yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlayın və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv edin.
· Şübhəli halda dərhal tədbir görün. Müdaxilə şübhəsi varsa naməlum cihazlardan çıxış edin, girişi itirmisinizsə, nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirin və əlaqələrinizi adınızdan gələ biləcək saxta tələblərə qarşı xəbərdar edin.
Unutmayın ki, təkcə ikimərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə də bağlı cihazların ayrıca yoxlanılması mütləqdir.
















