Azərbaycanda hazırda avtomobil bazarında ciddi durğunluq müşahidə olunur. Bazarda satıcıların sayı çox olsa da, real alıcıların sayı kəskin şəkildə azalıb. Lakin alıcı azlığına baxmayaraq, qiymətlərdə əsaslı dəyişiklik yoxdur.
Bu durğunluğun səbəbi nədir? Ümumilikdə ölkəmizdə alıcılar hansı avtomobilləri almağa üstünlük verirlər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, rəsmi idxal vasitəsilə gələn avtomobillərdə durğunluq yoxdur. Onun sözlərinə görə, sadəcə bazarın tempinə uyğun olaraq satış dinamikası var:
“Amma söhbət qeyri-rəsmi yolla idxal olunan avtomobillərdən gedirsə, bəli, bu avtomobillər ötən illərdə kifayət qədər idxal edilərək fiziki şəxslərin adına rəsmiləşdirilib ki, bu il satışa çıxarılsın. Bu il onlarda qeyri-müəyyən qiymət siyasəti oldu. Həmin şəxslərə investisiya yatıran şəxslərin güvəninin itməsi, avtomobilləri dəyər-dəyməzinə satıb oyundan çıxmaları kimi hallar var”.
Müsahibimizə görə, sevindirici hal odur ki, paralel idxal, yəni şəxsi təkrar vasitəsilə gələn avtomobillərə artıq maraq azalıb. İnsanlar bu cür şəxslərdən avtomobil alarkən çox vaxt haqsızlıq və yalan məlumatlarla qarşılaşdıqları üçün fərdi idxalçılardan maşın almaqdan çəkinirlər.
Əsas durğunluq ikinci əl bazarında yaşanır. Mühərrik həcmi böyük olan avtomobillərin satışında durğunluq var, onların qiymətinin aşağı düşməsini müşahidə olunur. Bu hal əslində 2025-ci ilin əvvəlindən başlayıb.

Eyyub Əliyev: Böyükmühərrikli və xüsusilə yaşı 15 ildən yuxarı olan avtomobillərin satışı aylarla gecikir
Onun sözlərinə görə, ötən il ekoloji təmiz nəqliyyat vasitələrinə olan güzəştlər dövründə ikinci əl avtomobillərin dəyəri 40-45%-ə qədər aşağı düşmüşdü. Bu ilin yanvarından güzəşt müddəti bitdikdən sonra həmin avtomobillərin bir çoxu əvvəlki dəyərinin təxminən 30%-ni geri qazandı. Yəni 45% ucuzlaşmışdısa, 30-35% bahalaşdı. Amma bu, hamısına aid deyil, əsasən mühərrik həcmi kiçik olan avtomobillərə aiddir”.
Həmsöhbətimiz qeyd edib ki, hazırda böyükmühərrikli və xüsusilə yaşı 15 ildən yuxarı olan avtomobillərin satışı aylarla gecikir. Bunun əsas səbəblərindən biri utilizasiya məsələsidir. Sürücülər köhnə avtomobillərin vaxtının bitəcəyini və utilizasiyaya gedəcəyini anlayırlar".
AADA İdarə Heyətinin sədri hesab edir ki, sonuncu qərara əsasən Azərbaycan 2060-cı ilə qədər tam elektrikləşməlidir:
“Bu qərardan sonra da köhnə avtomobillərin qiymətinin aşağı düşməsini və onların bazar payının getdikcə daralmasını müşahidə edəcəyik”.
Gülşən Şərif
















