• Bakı 13° C

    1.31 m/s

Nüvə dövləti, NATO üzvü, Körfəz sərvəti: Yeni hərbi güc nə vəd edir?

DÜNYA

28 Oktyabr 2026 | 16:34 | Müəllif: Qalib İbrahimoğlu

Nüvə dövləti, NATO üzvü, Körfəz sərvəti: Yeni hərbi güc nə vəd edir?

Yaxın Şərqdə təhlükəsizlik arxitekturası yenidən formalaşır. Belə bi zamanda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığının genişləndirilməsi regionun gələcək geosiyasi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu üç ölkənin hər biri fərqli strateji imkanlara malikdir. Türkiyə NATO üzvü olmaqla yanaşı, inkişaf etmiş müdafiə sənayesi və geniş hərbi təcrübəsi ilə seçilir. Pakistan nüvə silahına malik dövlətdir və böyük hərbi potensiala sahibdir. Səudiyyə Ərəbistanı isə maliyyə imkanları, enerji ehtiyatları və İslam dünyasındakı siyasi-dini nüfuzu ilə fərqlənir. Bu imkanların müdafiə əməkdaşlığı çərçivəsində əlaqələndirilməsi gələcəkdə regionda yeni təhlükəsizlik mexanizminin formalaşmasına şərait yarada bilər. Bununla belə, əməkdaşlığın genişlənməsi avtomatik olaraq üçtərəfli hərbi ittifaqın yaradılması anlamına gəlmir.

Bu yaxınlaşmanın əsas səbəblərindən biri Yaxın Şərqdə mövcud təhlükəsizlik təminatlarına inamın zəifləməsidir. İran ətrafında hərbi gərginlik, husilərin Qırmızı dənizdə və regionun enerji infrastrukturu istiqamətində yaratdığı təhlükələr, İsrailin hərbi əməliyyatları və ABŞ-nin regional siyasətindəki dəyişikliklər Körfəz ölkələrini müdafiə tərəfdaşlıqlarını şaxələndirməyə sövq edir. Xüsusilə Səudiyyə Ərəbistanı təhlükəsizliyini yalnız Vaşinqtonla münasibətlərdən asılı vəziyyətdə saxlamaq istəmir. Ər-Riyad üçün Türkiyə və Pakistanla əməkdaşlıq həm alternativ hərbi imkanların əldə olunması, həm də regional böhranlar zamanı daha geniş diplomatik manevr imkanlarının yaradılması deməkdir.

Bu prosesdə Türkiyənin mövqeyi xüsusi diqqət çəkir. Ankara son illərdə yalnız NATO çərçivəsində fəaliyyət göstərən dövlət kimi deyil, müstəqil regional təhlükəsizlik təşəbbüslərinin iştirakçısı kimi də mövqeyini gücləndirməyə çalışır. 2026-cı il avqustun 7-də imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin oktyabrın 27-də Türkiyə parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən təsdiqlənməsi bu istiqamətdə konkret addımdır. Sazişin 16 maddəsi kollektiv müdafiə, kəşfiyyat məlumatlarının mübadiləsi, birgə hərbi təlimlər, silah istehsalı və texnologiya transferi kimi sahələri əhatə edir. Ən diqqətçəkən müddəa isə iştirakçı dövlətlərdən birinə silahlı hücumun hər üç ölkəyə qarşı hücum hesab edilməsidir. Bununla belə, sənədin Türkiyə parlamentinin ümumi iclasında da təsdiqlənməsi tələb olunur.

Pakistanın bu əməkdaşlıqda iştirakı ayrıca geosiyasi əhəmiyyət daşıyır. Nüvə silahına malik Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə kollektiv müdafiə mexanizmində yer alması ittifaqın çəkindirmə potensialını artırır. Lakin burada mühüm fərqi nəzərə almaq lazımdır: Pakistanın nüvə dövlətinə çevrilməsi onun nüvə imkanlarının avtomatik olaraq digər tərəfdaşların istifadəsinə veriləcəyi anlamına gəlmir. Sazişin açıqlanmış müddəalarında belə bir öhdəlik nəzərdə tutulmur. Digər tərəfdən, Pakistanın Hindistanla münasibətlərində mövcud gərginlik, Türkiyənin NATO qarşısındakı öhdəlikləri və Səudiyyə Ərəbistanının Yəmən istiqamətində təhlükəsizlik problemləri üç ölkənin maraqlarının hər zaman tam üst-üstə düşmədiyini göstərir. Buna görə də yeni müdafiə mexanizminin əsas sınağı siyasi bəyanatlardan praktik hərbi koordinasiyaya keçid olacaq.

Yeni əməkdaşlığın İran üçün hansı nəticələr doğuracağı da xüsusi maraq kəsb edir. Tehran üçün Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının hərbi imkanlarını əlaqələndirməsi regional qüvvələr balansında nəzərə alınmalı amildir. Xüsusilə husilərin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşməsi fonunda kollektiv müdafiə mexanizmi İranın regional tərəfdaşlarının fəaliyyətinə qarşı əlavə çəkindirmə vasitəsinə çevrilə bilər. Bununla belə, üç ölkə sazişin konkret dövlətə qarşı yönəlmədiyini bildirir. Oktyabrın 26-da onların nümayəndələrinin Tehranda İran rəsmiləri ilə danışıqlar aparması da göstərir ki, tərəflər hərbi çəkindirmə ilə yanaşı, diplomatik əlaqələri qorumağa çalışırlar. Nəticə etibarilə, Məkkə müdafiə mexanizmi Yaxın Şərqdə xarici güclərdən asılılığın azaldılması və regional dövlətlərin təhlükəsizlik məsələlərində daha fəal rol alması istiqamətində mühüm təşəbbüs kimi qiymətləndirilə bilər. Onun real gücü isə gələcəkdə hərbi öhdəliklərin necə icra olunacağından və iştirakçı dövlətlərin böhran vəziyyətlərində nə dərəcədə vahid mövqe nümayiş etdirəcəyindən asılı olacaq.

Ruslan Zəngəzur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR