2027-ci ildə Azərbaycanda bütün köhnə avtobusların yeniləri ilə əvəzlənəcəyi açıqlanıb.
Bəs yeni avtobusların alınması üçün çəkilən xərclər sərnişinlərin ödədiyi gedişhaqqına təsir göstərə bilərmi?
Nəqliyyat eksperti Elməddin Muradlı bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, avtobus parkının yenilənməsi uzun müddətdir həyata keçirilir və demək olar ki, hər il bu istiqamətdə işlər görülür.
Onun sözlərinə görə, hazırda hər il təxminən 250-300 avtobus yenilənir:
"Yenilənmə prosesi zamanı yeni avtobuslar istismara verilir, köhnə avtobuslar isə xətdən çıxarılır. Çünki istismar müddətini başa vurmuş avtobusların sərnişindaşıma xidmətində qalması təhlükə yarada bilər. Avtobusların alınması ilə bağlı xərclərin birbaşa sərnişinlərin üzərinə qoyulması düzgün yanaşma deyil. Bəzi hallarda gedişhaqqının artırılması sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi və daşıyıcılara dəstək göstərilməsi ilə əsaslandırılır. Lakin avtobus parkının yenilənməsinin bütün xərclərini sərnişinlər ödəməli deyil".
Elməddin Muradlı vurğulayıb ki, dövlətin də bu sahədə marağı var və hər il nəqliyyat sektoruna milyonlarla manat vəsait ayrılır. Eyni zamanda, sahənin müəyyən hissəsi özəl şirkətlərin əlindədir və daşıyıcılar avtobusları öz vəsaitləri hesabına da alırlar. Ekspertin sözlərinə görə, xidmətin keyfiyyəti artdıqca xərclər də yüksəlir:
Nəqliyyat eksperti Elməddin Muradlı
"Əvvəllər 15-20 min manat dəyərində olan köhnə avtobuslarla sərnişindaşıma həyata keçirən şirkətlər indi 200-300 min, bəzi hallarda isə 400 min manat dəyərində avtobuslardan istifadə edirlər. Bu isə daşıyıcıların xərclərini əhəmiyyətli dərəcədə artırır və həmin xərclərin qarşılanması məsələsini gündəmə gətirir".
O bildirib ki, gələcəkdə gedişhaqqının artırılması ehtimalını tam istisna etmək olmaz. Bununla belə, avtobus parkının yenilənməsi ilə gedişhaqqının artımı arasında birbaşa əlaqə qurmaq düzgün deyil.
Elməddin Muradlı qeyd edib ki, Azərbaycana avtobuslar hər ay mərhələli şəkildə gətirilir. Həm dövlət, həm də müxtəlif şirkətlər tərəfindən yeni avtobuslar alınır. Ancaq bu prosesin davam etməsi hər ay gedişhaqqının artırılması demək deyil. Buna görə də avtobus parkının yenilənməsini gedişhaqqının artımının birbaşa səbəbi kimi təqdim etmək doğru olmaz.
Nəqliyyat eksperti Aslan Əsədov isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, avtobus parkının yenilənməsi nəqliyyat axınlarının idarə olunmasına və sərnişindaşıma sisteminin səmərəliliyinin artırılmasına təsir edəcək.
Onun sözlərinə görə, nəqliyyat axınlarının düzgün idarə olunmasında avtobusların və digər nəqliyyat vasitələrinin xüsusi əhəmiyyəti var. Lakin yeni avtobusların hansı maliyyələşmə mexanizmi ilə əldə ediləcəyi də vacib məsələdir:
Nəqliyyat eksperti Aslan Əsədov
"Avtobusların alınmasının dövlət vəsaiti, bank kreditləri və ya digər maliyyələşmə proqramları hesabına həyata keçirilməsi prosesin mühüm tərəflərindən biridir. Bu amil nəqliyyat sisteminin idarə olunmasına və daşıma xidmətlərinin təşkilinə təsir göstərə bilər".
Aslan Əsədovun fikrincə, avtobus parkının yenilənməsi nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına, hərəkətin sürətlənməsinə və sərnişinlərin mənzil başına daha tez çatmasına imkan yarada bilər. Nəqliyyat vasitələrinin sayı və onların hərəkətinin düzgün təşkili də sərnişindaşımanın keyfiyyətinə təsir edən amillərdəndir.
Günəş Mərd
















