• Bakı 15° C

    2.38 m/s

Dünya dəyişir, BMT yerində sayır: Yeni təşkilata ehtiyac var

SİYASƏT

28 Oktyabr 2026 | 13:17 | Müəllif: Gülşən Şərif

Dünya dəyişir, BMT yerində sayır: Yeni təşkilata ehtiyac var

Müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal münaqişələrin tənzimlənməsi missiyasını öz üzərinə götürən BMT Təhlükəsizlik Şurasının böhranlar qarşısında getdikcə daha təsirsiz qaldığı müşahidə olunur. Xüsusilə daimi üzvlərin veto hüququndan öz siyasi maraqları naminə istifadə etməsi qurumun operativ qərar qəbul etmək imkanlarını iflic edir və BMT-nin təsir gücünü əhəmiyyətli dərəcədə zəiflədir.

Müasir münaqişələrin həllində BMT Təhlükəsizlik Şurasının öz effektivliyini itirməsi fonunda beynəlxalq hüququn yenidən bərpası üçün hansı mexanizmlər lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, BMT təkcə münaqişələrin həlli məsələsində deyil, ümumiyyətlə böhranlı vəziyyətlərdə heç bir iş görə bilmir.

Onun sözlərinə görə, BMT həqiqətən də effektivliyini itirib. Ümumiyyətlə böhranlı vəziyyətlərdə BMT-nin faktiki olaraq edə biləcəyi bir şey yoxdur:

"Hətta xalqlar və dövlətlər arasında münaqişələr zamanı da qurum heç bir effektiv iş görə bilmir. İslahatlara ehtiyacı var deyəcəkdim, amma məsələ ondadır ki, islahatla bu məsələ həll olunacağa bənzəmir. Necə ki, Birinci və İkinci Dünya müharibələri öncəsi Millətlər Liqası qurulmuşdu və o, faktiki olaraq öz effektivliyini sübut edə bilmədi, İkinci Dünya müharibəsi çıxdı. Nəticədə müharibə bitəndən sonra BMT-nin formalaşmasına zərurət yarandı".

Azər Həsrət yeni və daha çevik bir quruma ehtiyac olduğunu vurğulayıb.

"Daha effektiv, yeni texnologiyalarla işləməyi bacaran, təsir mexanizmlərinə malik, daha üstün səlahiyyətləri olan bir qurum lazımdır. Nə qədər müharibələr gedir, nə qədər aclıq, səfalət var. Yüz milyonlarla insan aclıqdan əziyyət çəkir. 10 milyonlarla uşaq istismar edilir. Qadınlara qarşı ayrı-seçkilik bir çox ölkədə açıq-aşkardır. Əfqanıstanda qız uşaqları dördüncü sinifdən sonra məktəbə buraxılmır, təhsilləri qadağan olunub. Qadınların küçəyə təkbaşına çıxması belə qadağandır. 40 milyonluq ölkədə humanitar fəlakət yaşanır, amma BMT heç nə edə bilmir”.

Azər Həsrət: BMT həqiqətən də effektivliyini itirib

Həmsöhbətimiz qeyd  edib ki, ABŞ ilə İran arasındakı müharibədə, İsrailin Yaxın Şərqdə Fələstin və digər dövlətlərlə müharibəsində də yenə BMT heç nə edə bilmir. Effektivliyi olmayan bir qurum artıq ömrünü başa vurmalıdır və yeni, daha çevik bir qurum yaradılmalıdır", - deyə müsahibimiz bildirib.

Siyasi şərhçi hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözü ilə desək, "Dünya beşdən böyükdür" və dünya bunu artıq dərk etməlidir:

"BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Beşi də xristian, daha doğrusu dördü xristian, biri isə Çindir. 2 milyardlıq İslam aləminin, 300 milyonluq türk dünyasının orada bir təmsilçisi belə yoxdur. Ona görə də yeni və daha çevik bir quruma ehtiyac var".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026