Bu gün Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etməsinin ildönümüdür.
Bakıvaxtı.az xatırladır ki, 2020-ci il oktyabrın 28-də Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı və Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular və Qaraağac, Qubadlı rayonunun isə Qiyaslı, Əbilcə və Qılıcan kəndlərini işğaldan azad edib.
Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev məlumat verib.
Həmin gün cəbhənin müxtəlif istiqamətlərində döyüşlər davam edib, Azərbaycan Ordusu qarşı tərəfin hücum cəhdlərinin qarşısını alaraq irəliləyişini davam etdirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı ilə başa çatıb.
Əli Hüseynov
















