Hər şeyi daim nəzarətdə saxlamağa çalışmaq insanın psixoloji sağlamlığına və münasibətlərinə mənfi təsir göstərə bilər.
Bakıvaxtı.az xəbər verir ki, “Tibb” ASC-nin (Akademik Roytberq Klinikası) psixoterapevti İrina Kraşkina Lenta.ru-ya açıqlamasında həddindən artıq nəzarətin gizli risklərindən danışıb.
Həkimin sözlərinə görə, hipernəzarət yalnız insanın öz davranışlarına nəzarət etməsi deyil. Bu, hissləri, digər insanların davranışlarını və hətta gələcəkdə baş verə biləcək hadisələri idarə etmək ehtiyacıdır. Belə insanlar qaydalara, məntiqi ardıcıllığa və proqnozlaşdırıla bilənliyə üstünlük verir, spontan davranmaqda çətinlik çəkirlər.
Kraşkina bildirib ki, hipernəzarətə meyilli insanlar səhv etməkdən çəkinir və hər şeyi mükəmməl etməyə çalışırlar. Bu xüsusiyyət mesajları və hesabatları dəfələrlə yoxlamaq, məsuliyyəti başqalarına həvalə edə bilməmək, xarici görünüşə həddindən artıq diqqət yetirmək və başqalarının işlərinə müdaxilə etmək kimi davranışlarda özünü göstərə bilər.
Psixoterapevtin sözlərinə görə, davamlı nəzarət ehtiyacı zamanla sinir sisteminə əlavə yük yaradır. Daimi gərginlik, özünütənqid və istirahət edə bilməmək narahatlıq, depressiv əlamətlər, emosional tükənmə, yuxu problemləri və psixosomatik şikayətlər riskini artıra bilər.
Mütəxəssis vurğulayıb ki, həddindən artıq nəzarət insan münasibətlərinə də mənfi təsir göstərir. Belə insanlar yaxınlarına qarşı sərt tələblər irəli sürə, onların yemək hazırlamasını, ev işlərini görməsini, pul xərcləməsini və qərarlarını tənqid edə bilərlər.
Nəticədə tərəfdaşlar, uşaqlar və həmkarlar özlərini daim mühakimə olunan kimi hiss edə, qıcıqlana və münasibətlərdən uzaqlaşa bilərlər. Bəzi hallarda bu vəziyyət gizli narazılığa və qarşıdurmaya da səbəb olur.
Murad İsmayıl
















