• Bakı 15° C

    1.79 m/s

Süni intellekt mədəniyyətləri eyniləşdirə bilər - Nazir müavini

CƏMİYYƏT

27 Oktyabr 2026 | 12:28 | Müəllif: Qalib İbrahimoğlu

Süni intellekt mədəniyyətləri eyniləşdirə bilər - Nazir müavini

“Bu gün ekran vasitəsilə dünya ilə qarşılaşanda əsas sual budur: ekran bizə kimin dəyərlərini qaytarır?”

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt sistemləri müxtəlif dillərdə cavab versə də, təqdim olunan məlumatlar hər zaman həmin dillərdə danışan insanların mədəniyyətini və dünyagörüşünü tam əks etdirmir. Bəzi hallarda çatbotlar cavabları qısaldır və sonda ingilis dilinə keçir.

Nazir müavini vurğulayıb ki, bu gün altı milyarddan çox insan internetə qoşulub. Rəqəmsal texnologiyalar xalqları və icmaları bir araya gətirərək onların bir-birindən öyrənməsinə şərait yarada bilər. Digər tərəfdən, bu texnologiyalar bütün mədəniyyətləri bir neçə dil və məhdud baxış bucağı çərçivəsinə sıxışdırmaq riski daşıyır:

“Bu prosesin hansı istiqamətdə gedəcəyini maşınlar deyil, insanlar müəyyən edir. Buna biz qərar veririk və bu qərarı indi verməliyik”, - deyə R.Həsənov bildirib.

O, UNESCO-nun Mədəniyyətlərarası Kompetensiya Çərçivəsinin əhəmiyyətinə də diqqət çəkib. Qeyd edib ki, texnologiyadan istifadə etməyi bacarmaq kifayət deyil. İnsanlar bir-birini dinləməyi, fərqli baxışları anlamağı və ekranın təqdim etdiyi məlumatları sorğulamağı da öyrənməlidirlər.

R.Həsənov Azərbaycanın rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi tədbirlərdən də danışıb. Onun sözlərinə görə, ölkənin süni intellekt strategiyası və 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf fəaliyyət planı çərçivəsində əsas məsələlərdən biri rəqəmsal xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasıdır.

Nazir müavini bildirib ki, xidmətlərin əlçatanlığı qiymətləndirilərkən vətəndaşların yaşı, dili və rəqəmsal bacarıqları nəzərə alınmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026