ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkəsinə 1 milyon barel neft hədiyyə etdiyini və yaxın saatlarda həmin nefti daşıyan tankerin Texas ştatındakı limanlardan birində qəbul ediləcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.
Texasda Venesuelanın təmənnasız verdiyi nefti daşıyan tankerə baxış keçirib-keçirməyəcəyi barədə suala ABŞ Prezidenti müsbət cavab verib.
“Biz Venesuelanı çox uğurla nəzarətə götürdük. Onlar mənə hədiyyə olaraq bir milyon barel neft göndəriblər. Mən isə bunu Amerika Birləşmiş Ştatlarına təhvil verirəm”, – deyə Tramp bildirib.
O, neftin ABŞ-ın istifadəsinə veriləcəyini vurğulayıb.
“Biz bir milyon barel nefti qəbul edəcəyik. Mən də onu sizə verəcəyəm ki, istədiyiniz kimi istifadə edəsiniz”, – deyə Amerika lideri əlavə edib.
Tramp həmçinin dünya bazarlarında neft qiymətlərinin yaxın vaxtlarda kəskin ucuzlaşacağını proqnozlaşdırıb.
“Neftin qiyməti çox tezliklə və çox kəskin şəkildə aşağı düşəcək”, – deyə o qeyd edib.
ABŞ mətbuatının məlumatına görə, Tramp Venesuela neftini daşıyan tankerə Texasın Port-Artur şəhərində baxış keçirəcək. Prezidentin ştatın Korpus-Kristi və Labbok şəhərlərinə də səfəri planlaşdırılır.
Tramp Texas səfərində onu ABŞ Dövlət katibi Marko Rubionun müşayiət edəcəyini də açıqlayıb. Qeyd olunur ki, ABŞ dövlət katiblərinin seçkiqabağı tədbirlərdə iştirakı geniş yayılmış təcrübə deyil.
Xatırladaq ki, ABŞ-da noyabrın 3-də Konqresə aralıq seçkiləri keçiriləcək. Seçkilərdə Senatın üçdəbir hissəsi, Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 36 ştat və ərazinin qubernatorları seçiləcək.
Hazırda Konqresin hər iki palatasına Trampın təmsil etdiyi Respublikaçılar Partiyası nəzarət edir.
















