Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, noyabrın 2-də Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, 3-də Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, 4 və 18-də isə Prezidentin köməkçisi – Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov vətəndaşları qəbul edəcək.
Noyabrın 5-də Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, 6, 13 və 27-də Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov, 6-da Prezidentin köməkçisi – Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, 11-də Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov, 12-də Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, 13-də isə Prezidentin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vətəndaşları qəbul edəcək.
Ayın 16-da Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov və Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, 17-də Prezidentin Mətbuat katibi Orxan Səttarov, eləcə də Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun nümayəndələri vətəndaşlarla görüşəcəklər.
Noyabrın 19-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, 20-də Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, 23-də isə Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev vətəndaşları qəbul edəcək.
Ayın 24-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, 26-da Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva vətəndaşları qəbul edəcəklər.
Noyabrın 27-də Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, ayın 30-da isə Təhlükəsizlik Şurasının katibi Ramil Usubov vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, vətəndaşlar Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar. Mərkəz Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşir. Qəbula yazılış qəbul gününə ən geci bir iş günü qalmış dayandırılır. Qəbul saat 14:00-dan başlayır.
Əlaqə üçün Çağrı Mərkəzi: 1111.
















