• Bakı 15° C

    1.79 m/s

Qoturluq halları kəskin artıb: Minlərlə yoluxma 

DÜNYA

27 Oktyabr 2026 | 13:42 | Müəllif: Günəş Mərd

Qoturluq halları kəskin artıb: Minlərlə yoluxma

Çexiyada parazit gənəsinin törətdiyi qoturluq xəstəliyinə yoluxma hallarının sayı artır.

Bakıvaxtı.az xəbər verir ki, Çexiyanın iDNES.cz nəşrinin məlumatına görə, ən çox yoluxma Moraviya-Sileziya bölgəsində, xüsusilə Ostrava şəhərində qeydə alınıb.

Çexiya İctimai Səhiyyə İnstitutunun məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında ölkədə 9 917 qoturluq hadisəsi qeydə alınıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 7 542, 2020-ci ildə isə 1 648 olub.

Sentyabr ayında Moraviya-Sileziya bölgəsində 187 yoluxma aşkarlanıb. İlin əvvəlindən bəri bölgədə qeydə alınan yoluxma hallarının sayı 1 882-yə çatıb. Onlardan 741-i Ostrava şəhərinin payına düşür.

Xəstəlik sosial qayğı müəssisələrində də yayılır. Ostravadakı qocalar evinin üç sakininin qoturluğa yoluxduğu müəyyən edilib. Bundan sonra müəssisədə əlavə profilaktik tədbirlər görülüb, qrup fəaliyyətləri isə müvəqqəti dayandırılıb. Ümumilikdə, regional səhiyyə orqanları bu il sosial qayğı müəssisələrində altı yoluxma klasteri aşkarlayıb.

Yoluxma hallarının artmasının dəqiq səbəbi hələ müəyyən edilməyib. Mütəxəssislər bunu xəstəliyin dövri yayılması, kollektiv yaşayış yerlərində sıx təmas və səyahətlə əlaqələndirirlər. Statistik göstəricilərin artmasına yoluxucu xəstəliklərin qeydiyyatı üzrə elektron sistemə keçid də təsir etmiş ola bilər.

Qoturluq əsasən dəri-dəriyə uzunmüddətli təmas nəticəsində, daha az hallarda isə yoluxmuş şəxsin istifadə etdiyi yataq dəstləri və geyim vasitəsilə ötürülür. Xəstəliyin əlamətləri yoluxmadan bir neçə həftə sonra üzə çıxa bilər ki, bu da infeksiyanın erkən aşkarlanmasını çətinləşdirir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR