Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, sessiyada təhsilin qlobal problemlərin həllində rolu, süni intellektin mədəniyyətlərarası dialoqa təsiri, rəqəmsal savadlılıq və milli-mədəni dəyərlərin qorunması məsələləri müzakirə olunub.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, müasir dövrdə qlobal problemlərin həlli cəmiyyətdə hansı tip insanın formalaşmasından asılıdır. Onun sözlərinə görə, milli və bəşəri dəyərlərə malik, müasir tələblərə cavab verən şəxsiyyətin yetişdirilməsində təhsil mühüm rol oynayır.
Nazir müavini texnoloji inkişafın və süni intellektin insanların həyatına, düşüncə tərzinə təsir etdiyini vurğulayaraq, bu imkanlardan mədəniyyətlərarası ünsiyyətin və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün istifadə edilməsinin əhəmiyyətini qeyd edib.
Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansouri isə ekstremizm, populizm, irqçilik və ayrı-seçkiliklə mübarizədə təhsilin roluna diqqət çəkib. O, mədəni müxtəlifliyin qorunması üçün təhsil məzmununun yenilənməsinin və müəllimlərin pedaqoji yanaşmalarının təkmilləşdirilməsinin vacibliyini bildirib.
ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə və Fransanın Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roje Kude çıxış ediblər.
Müzakirələrdə Azərbaycanın multikulturalizm təcrübəsi, milli musiqi irsinin rəqəmsal arxivləşdirilməsi, muğamın beynəlxalq səviyyədə tanıdılması və mədəni müxtəlifliyə hörmətin sülhün təmin olunmasındakı əhəmiyyəti diqqət mərkəzində olub.
Sessiyanın ikinci hissəsində Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov mövzu ətrafında fikirlərini bölüşüblər.
Elnur Əliyev bildirib ki, hazırlanmaqda olan yeni ümumi təhsil standartlarında müəllim və şagirdlərin rəqəmsal bacarıqlarının, süni intellekt və media savadlılığının inkişafına xüsusi diqqət yetirilir. O, şagirdlərdə rəqəmsal vətəndaşlıq, fərqli fikirlərə hörmət, məlumatları tənqidi qiymətləndirmək və öz mövqeyini əsaslandırmaq bacarıqlarının formalaşdırılmasının vacibliyini vurğulayıb.
Nicat Məmmədli çıxışında süni intellektin gənclərin dünyagörüşünə və milli-mədəni dəyərlərinə təsirindən danışıb. O, müxtəlif süni intellekt modellərinin eyni suallara fərqli cavablar verə bildiyini qeyd edərək, bu istiqamətdə müqayisəli tədqiqatların aparılmasını və qiymətləndirmə mexanizmlərinin yaradılmasını təklif edib.
Fondun İdarə Heyətinin sədri bildirib ki, əsas məqsəd gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və milli-mədəni dəyərlərini qorumaq bacarıqlarını inkişaf etdirməkdir.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov isə işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və təhsil həyatının yenidən qurulmasının əhəmiyyətini vurğulayıb. O, doğma yurdlarına qayıdan uşaqların sosial və mədəni həyata inteqrasiyasında incəsənət və musiqi təhsilinin roluna diqqət çəkib.
Sessiya çıxış və müzakirələrin yekunlaşdırılması ilə başa çatıb.





















