İndoneziyanın Palankaraya şəhərində meşə yanğınları nəticəsində yaranan sıx dumandan əziyyət çəkən sakinlərə kömək məqsədilə pulsuz oksigen avtobusları istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, avtobuslarda tibb işçiləri növbətçilik edir. Sakinlər xüsusi borular vasitəsilə 5-10 dəqiqə ərzində oksigen qəbul edə bilirlər. Həkimlər müraciət edən şəxslərin məlumatlarını da qeydə alırlar.
Yerli sakinlərdən biri öskürək və nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Digər bir qadın isə sıx sarı tüstünün evdən çıxmağı belə çətinləşdirdiyini deyib.
Hakimiyyət orqanları sakinlərə və yanğınsöndürənlərə kömək etmək üçün “oksigen evi” də açıb. İndiyədək ən azı 127 nəfərin pulsuz oksigen dəstəyi aldığı bildirilir.
Qeyd olunur ki, İndoneziyada meşə yanğınları mütəmadi baş versə də, bu ilki yanğınlar son 11 ilin ən şiddətlilərindən biri kimi qiymətləndirilir. Avqustdan oktyabrın 25-dək ölkədə tənəffüs yolları ilə bağlı təxminən 350 min xəstəlik halı qeydə alınıb. Havanın keyfiyyəti qonşu Sinqapur və Malayziyada da pisləşib.
Bəzi ərazilərdə havanın çirklənmə göstəricisinin 1000-i keçdiyi bildirilir. Bu, 300 vahidlik təhlükə həddindən üç dəfədən çox yüksəkdir.
Murad İsmayıl
















