"Yuxarı Şirvan kanalının yenidən qurulması üçün aparılan işlərin 65 faizi yekunlaşıb".
Bunu Bakıvaxtı.az-a açıqlamasında yenidənqurma işləri aparan şirkətin layihə rəhbəri Elçin Əsgərov deyib.
O bildirib ki, tikinti işləri iki lot üzrə davam etdirilir:
"Ümumi Yuxarı Şirvan kanalı olaraq iki hissə, iki lot üzrə tikinti işlərimiz davam edir. Hazırda olduğumuz hissə kanalın üçüncü hissəsidir".
Layihə rəhbərinin sözlərinə görə, hazırda 760 işçi iki növbəli şəkildə çalışır.
"Birinci və ikinci növbədə betonlama işlərimiz davam etdirilir. Ümumi torpaq işlərimizin 80-90 faizi yekunlaşıb. Kanalın betonlama işləri 65 faiz, kanal üzərindəki xüsusi qurğular üzrə işlər isə 45 faiz yekunlaşıb", - deyə şirkət rəsmisi qeyd edib.
Elçin Əsgərov işçilərin iş şəraitindən də söz açıb:
"İşçilərimizin 40 faizi yaxın rayonlardan gündəlik ayırdığımız servislərlə işə gəlib evlərinə qayıdırlar. 60 faizi isə Ağsu ərazisindəki kampda qalır. Gündə üç dəfə qidalanmaları, xüsusi geyimləri şirkət tərəfindən təmin olunur. Maaşlar qənaətbəxşdir".
O, layihənin 2027-ci ilin dekabr ayında başa çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Gülşən Şərif



















