Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və qlobal proseslərə təsir imkanlarını bir daha nümayiş etdirdi.
“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan forumda 100-dən artıq ölkədən 500-dən çox xarici qonağın iştirak etməsi Azərbaycanın artıq müxtəlif sivilizasiyalar, dinlər və siyasi mərkəzlər arasında dialoq məkanı kimi qəbul olunduğunu göstərir. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu platformanın 15 il ərzində beynəlxalq əhəmiyyət qazanması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin, ölkəmizdə formalaşmış tolerantlıq mühitinin və Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakının nəticəsidir. Müasir dünyada geosiyasi qarşıdurmaların, dini və etnik zəmində gərginliklərin artdığı bir dövrdə Azərbaycanın fərqli mədəniyyətləri bir araya gətirməsi ölkəmizin beynəlxalq nüfuzuna əlavə siyasi məzmun qazandırır.
Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri azərbaycançılıq ideologiyasının milli birliyin əsas təminatçısı kimi təqdim olunması idi. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olub. Lakin bu müxtəlifliyin dövlətin gücünə çevrilməsi məqsədyönlü siyasətin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən olan azərbaycançılıq ideologiyası bu gün də cəmiyyətin bütün təbəqələrini vahid milli maraqlar ətrafında birləşdirir. Prezident İlham Əliyevin Vətən müharibəsində müxtəlif etnik və dini qrupların nümayəndələrinin eyni amal uğrunda mübarizəsini xatırlatması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yalnız hərbi qüdrətin deyil, eyni zamanda, milli həmrəyliyin və ictimai birliyin təntənəsi oldu. Bu təcrübə göstərdi ki, cəmiyyət daxilində möhkəm birlik və dövlətə bağlılıq xarici təhdidlər qarşısında ən mühüm strateji üstünlüklərdən biridir.
Prezidentin çıxışının mühüm siyasi mesajlarından biri Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsi ilə bağlı idi. Otuz ilə yaxın davam edən işğal dövründə beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemləri üzə çıxarmışdı. Azərbaycan isə 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Burada xüsusilə diqqətçəkən məqam qalib dövlətin hərbi uğurlarından sonra qarşı tərəfə sülh təklif etməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın məqsədi sonsuz qarşıdurma deyil, regionda davamlı sabitliyin təmin olunmasıdır. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması da bu istiqamətdə mühüm diplomatik mərhələ oldu. Azərbaycanın təcrübəsi göstərir ki, hərbi qələbənin uzunmüddətli siyasi nəticəyə çevrilməsi üçün qətiyyətli diplomatiya və sülhə yönəlmiş strateji baxış da zəruridir.
Dövlət başçısının beynəlxalq münasibətlərdə ikili standartlarla bağlı səsləndirdiyi fikirlər isə Azərbaycanın prinsipial xarici siyasət mövqeyinin ifadəsidir. Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlamasına, yüz minlərlə insanın doğma yurdundan didərgin düşməsinə və tarixi-mədəni irsimizin dağıdılmasına baxmayaraq, təcavüzkar dövlətə qarşı təsirli beynəlxalq sanksiyaların tətbiq edilməməsi beynəlxalq hüququn icrası ilə bağlı ciddi suallar doğururdu. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması zərurətini gündəmə gətirməsi də məhz bu reallıqdan qaynaqlanır. Əslində, burada söhbət yalnız Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliklərdən getmir. Söhbət beynəlxalq hüququn bütün dövlətlərə eyni prinsiplərlə tətbiq olunmasından, suverenliyə hörmətdən və dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyindən gedir. Azərbaycan öz təcrübəsindən çıxış edərək beynəlxalq sistemdə daha ədalətli və bərabərhüquqlu münasibətlərin formalaşdırılmasının tərəfdarı kimi çıxış edir.
Azərbaycanın artan beynəlxalq nüfuzunu təsdiqləyən digər mühüm istiqamət isə ölkəmizin müxtəlif güc mərkəzləri ilə qurduğu strateji tərəfdaşlıq münasibətləridir. Prezident İlham Əliyevin çıxışında Çin və ABŞ ilə strateji tərəfdaşlıq formatlarına, Avropa İttifaqının 10 üzv dövləti ilə mövcud əməkdaşlıq sənədlərinə diqqət yetirməsi Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasətinin nəticələrini nümayiş etdirir. Xüsusilə qlobal güclər arasında rəqabətin kəskinləşdiyi bir şəraitdə Azərbaycanın fərqli siyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurması mühüm diplomatik üstünlükdür. Digər tərəfdən, ölkəmizin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək olması Azərbaycanın həm İslam dünyasında, həm də Avropa siyasi məkanında artan əhəmiyyətini göstərir. AQEM-də Azərbaycanın sədrliyinin daha iki il uzadılması və Mərkəzi Asiya Məşvərət Formatında tamhüquqlu iştirakının təmin edilməsi də ölkəmizin regional çərçivələri aşaraq daha geniş geosiyasi platformalarda mövqeyini gücləndirdiyini təsdiqləyir.
Bütövlükdə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın son 35 ildə keçdiyi inkişaf yolunun siyasi və strateji mahiyyətini ortaya qoydu. Bu gün Azərbaycan yalnız enerji resursları və nəqliyyat imkanları ilə deyil, həm də müstəqil qərarvermə qabiliyyəti, milli birlik modeli, diplomatik təşəbbüsləri və beynəlxalq dialoqa verdiyi töhfələrlə seçilir. Ölkəmizin Şərqlə Qərb arasında mühüm nəqliyyat və enerji bağlantılarının mərkəzində yerləşməsi, müasir infrastruktura yatırılan sərmayələr və tərəfdaş dövlətlərlə qurulan münasibətlər onun geoiqtisadi əhəmiyyətini daha da artırır. Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan bütün bu imkanları öz milli maraqlarını qorumaqla və suveren siyasət yürütməklə əldə edib. Qlobal qeyri-müəyyənliklərin artdığı hazırkı mərhələdə ölkəmizin əsas üstünlüyü məhz daxili sabitlik, güclü dövlətçilik ənənələri və beynəlxalq əməkdaşlığa açıq siyasətin vəhdətidir. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, dialoq və əməkdaşlıq təşəbbüsləri irəli sürən mühüm siyasi aktordur.
Züriyə Qarayeva
















