“Rəqəmsal transformasiyanın uğuru insanların xidmətlərdən rahat istifadə edə bilməsi ilə ölçülür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsal xidmətlər hazırlanarkən insanların yaşı, dili, gəlirləri, əlilliyi və yaşadıqları ərazi nəzərə alınmalıdır. Çünki internetdən istifadə imkanının olması hər kəsin elektron müraciətləri başa düşdüyü və lazımi xidmətlərdən maneəsiz yararlana bildiyi demək deyil.
D. Şlapaçenko vurğulayıb ki, dövlət xidmətləri insanların real ehtiyaclarına uyğun qurulmalı, xüsusilə də rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərin təcrübəsi nəzərə alınmalıdır. Onun sözlərinə görə, xidmətlərin istifadəyə verilməzdən əvvəl müxtəlif istifadəçilərlə sınaqdan keçirilməsi mövcud çətinlikləri vaxtında aşkar etməyə imkan verir.
BMT rəsmisi Azərbaycanda bu baxımdan “ASAN xidmət” modelini nümunə göstərib. O, dövlət xidmətlərinin vahid mərkəzlərdə birləşdirilməsinin, onlayn platformaların və səyyar xidmətlərin insanların dövlət qurumlarına çıxışını asanlaşdırdığını söyləyib.
“ASAN xidmət”in səyyar xidmətlərindən xüsusilə təsirləndiyini bildirən D. Şlapaçenko qeyd edib ki, xüsusi təchiz olunmuş avtobuslar ucqar kəndlərə gedərək sakinlərə xidmət göstərir. Beləliklə, insanlar dövlət xidmətlərindən yararlanmaq üçün uzaq məsafə qət etməli olmurlar.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin sözlərinə görə, “ASAN xidmət”in uğurlu təcrübəsi digər ölkələrin də diqqətini çəkib və bu model bir sıra dövlətlərdə tətbiq olunur.
O, həmçinin rəqəmsal bacarıqların inkişafının vacibliyini vurğulayaraq, xidmətlərdən istifadə zamanı insanların məlumatları anlamaqla yanaşı, rəqəmsal mühitdə təhlükəsiz və fəal iştirak etmək imkanlarının da artırılmalı olduğunu bildirib.
Zeynəb Rzayeva
















