• Bakı 15° C

    1.79 m/s

Vaşinqtonun təxliyə qərarı: ABŞ İrana qarşı yeni ssenari işə salır?

SİYASƏT

27 Oktyabr 2026 | 12:56 | Müəllif: Qalib İbrahimoğlu

Vaşinqtonun təxliyə qərarı: ABŞ İrana qarşı yeni ssenari işə salır?

ABŞ hakimiyyət orqanları İran tərəfindən mümkün hücumlarla bağlı xəbərdarlıqlar fonunda Yaxın Şərqdəki bir sıra diplomatik missiyalardan diplomatların və onların ailə üzvlərinin təcili təxliyəsinə başlayıb. ABŞ Dövlət Departamentinin 23 oktyabr tarixli memorandumunda bildirilir ki, İran amerikalı heyəti müəyyən etmək və hədəfə almaq istiqamətindəki səylərini əhəmiyyətli dərəcədə gücləndirib.

Yaxın Şərqdə vəziyyət düzələndən sonra ABŞ öz diplomatlarını geri göndərə bilərmi? Bu addımı Vaşinqtonun profilaktik təhlükəsizlik tədbiri kimi müəyyən etmək olar, yoxsa bu, regionda böyük hərbi əməliyyatların başlanmasının anonsudur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ-nin Yaxın Şərqdəki diplomatik nümayəndəliklərində əməkdaşların sayını azaltması, ilk növbədə, profilaktik təhlükəsizlik tədbiri kimi izah oluna bilər:

"ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun dövlət katibi Marko Rubionun diqqətinə çatdırdığı memorandumda İranın xaricdəki amerikalı əməkdaşları hədəfə almaq səylərini əhəmiyyətli dərəcədə artırdığı və bəzi sui-qəsd planlarının qabaqcıl mərhələyə çatdığı bildirilir. Sənəddə konkret hücumun vaxtı və hədəfləri açıqlanmayıb. Diplomatların və onların ailə üzvlərinin çıxarılması ABŞ üçün həm insan itkiləri riskini azaltmaq, həm də mümkün eskalasiya şəraitində diplomatik fəaliyyətin davamlılığını qorumaq vasitəsidir".

Rəşad Bayramov: Şübhəsiz ki, təxliyyə qərarı həm də mümkün hərbi əməliyyatlarla bağlıdır

Diplomatların geri qayıtması məsələsinə gəlincə, müsahibimizin fikrincə, təhlükəsizlik vəziyyəti yaxşılaşarsa o zaman ABŞ əməkdaşlarını əvvəlki vəzifə yerlərinə qaytara bilər. Dediyinə görə, bunun üçün İran tərəfindən mümkün hücum təhlükəsinin azalması, silahlı qrupların fəaliyyətinin məhdudlaşması, ev sahibi ölkələrin təhlükəsizlik təminatlarının qənaətbəxş olması və diplomatik nümayəndəliklərin risk qiymətləndirmələrinin yenilənməsi vacibdir:

“Lakin düşünürəm ki, bu proses avtomatik olmayacaq. Təhdidlər azalsa belə, Vaşinqton diplomatik heyətin sayını birdən-birə yox, mərhələli şəkildə artırmağa və ailələrin qayıdışını əlavə təhlükəsizlik təminatları ilə əlaqələndirməyə çalışacaq. Şübhəsiz ki, təxliyyə qərarı həm də mümkün hərbi əməliyyatlarla bağlıdır".

Rəşad Bayramov hesab edir ki, ABŞ Prezidenti Donald Tramp özü də İrana qarşı yeni hərbi əməliyyat ehtimalını açıq saxlayıb:

"Bu gün artıq heç kimdə şübhə doğurmur ki, noyabrda keçiriləcək aralıq seçkilərindən sonra ABŞ-nin yeni hərbi əməliyyatlara başlayacağı ehtimalı kifayət qədər yüksəkdir. Odur ki, diplomatik heyətin ixtisarı həm hərbi hazırlıq, həm də risklərin idarə edilməsi prosesinin bir hissəsi olaraq qiymətləndirilə bilər".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026