Əməkhaqqından tutulan gəlir vergisinin mərhələli şəkildə artırılması qarşıdakı dövrdə həm işçilər, həm də işəgötürənlər üçün yeni maliyyə reallığı yaradacaq.
Bunu biznes məsləhətçisi Çinarə Ağayeva əməkhaqqından tutulan gəlir vergisinin mərhələli şəkildə artırılmasının işçilərə və işəgötürənlərə təsiri ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun özəl bölməsində 2500 manatadək aylıq gəlirlər üzrə gəlir vergisinin dərəcəsi 2026-cı ildə 3 faizdən 2027-ci ildə 5 faizə, 2028-ci ildən isə 7 faizə yüksələcək. 200 manatlıq vergi güzəşti isə qüvvədə qalır:
“Burada əsas məsələ verginin neçə faiz artması deyil. Əsas məsələ işçinin əlinə keçən xalis əməkhaqqının necə dəyişəcəyidir”, - deyə biznes məsləhətçisi bildirib.
Ç.Ağayeva qeyd edir ki, işəgötürənlər bu dəyişiklikləri yalnız əməkhaqqından tutulacaq əlavə məbləğ kimi qiymətləndirməməlidirlər. Şirkətlər üçün daha düzgün yanaşmalardan biri əməkhaqqı siyasətinə yenidən baxmaq və imkan daxilində işçinin xalis gəlirində yaranacaq azalmanı əməkhaqqının artırılması hesabına kompensasiya etməkdir:
“Çünki işçi üçün əsas göstərici əmək müqaviləsində yazılan brüt maaş deyil, ayın sonunda hesabına daxil olan məbləğdir. Məsələn, əməkhaqqı eyni saxlanılarsa, vergi dərəcəsinin 3 faizdən 5 faizə yüksəlməsi 2500 manatadək maaş alan işçinin xalis gəlirinə təsir göstərə bilər. Bu fərq ayrı-ayrı işçilər üçün böyük görünməsə də, ailə büdcəsində, xüsusilə orta və aşağı gəlirli çalışanlarda hiss olunan məbləğə çevrilə bilər”, - deyə o qeyd edib.
Biznes məsləhətçisi vurğulayıb ki, şirkətlər üçün məsələni iki istiqamətdə qiymətləndirmək vacibdir: işçinin gəlirinin qorunması və şirkətin ümumi əmək xərclərinin idarə olunması.
Hər işəgötürənin bütün əməkhaqlarını avtomatik artırması mümkün olmaya bilər. Lakin şirkətin maliyyə imkanları buna şərait yaradırsa, vergi yükünün artımını əməkhaqqının müəyyən qədər yüksəldilməsi ilə kompensasiya etmək həm işçi məmnuniyyəti, həm də şirkətin uzunmüddətli insan kapitalı siyasəti baxımından nəzərdən keçirilməlidir:
“Burada söhbət sadəcə "maaşı artırmaqdan" getmir. Daha düzgün model xalis əməkhaqqının qorunması prinsipidir. Yəni işəgötürən əvvəlcə işçinin yeni vergi rejimində nə qədər itirəcəyini hesablamalı, daha sonra həmin fərqin tam və ya qismən kompensasiya edilməsinin şirkət büdcəsinə təsirini qiymətləndirməlidir”, - Ç.Ağayeva əlavə edib.

Çinarə Ağayeva: Burada söhbət sadəcə "maaşı artırmaqdan" getmir
O bildirib ki, bu yanaşmanın biznes üçün başqa üstünlüyü də var. İşçi gəlirində gözlənilməz azalma hiss etmədikdə, vergi dəyişikliyinin şirkətlə bağlı narazılığa çevrilməsi riski azalır. İşəgötürən isə əməkhaqqı siyasətini əvvəlcədən izah etməklə işçi ilə daha şəffaf münasibət qura bilir.
Müsahibimizin fikrincə, bu məsələ bütün işçilər üçün eyni formada həll edilməməlidir. Maaş səviyyəsi, vəzifə, işçinin şirkət üçün yaratdığı dəyər, şirkətin maliyyə imkanları və ümumi əməkhaqqı fondu nəzərə alınmalıdır:
“Bəzi hallarda tam kompensasiya, bəzi hallarda isə qismən artım daha real model ola bilər. Əsas məqsəd vergi dəyişikliyinin yaratdığı yükü sadəcə işçinin üzərinə ötürməmək və şirkətin öz maliyyə planlamasında bunu əvvəlcədən nəzərə almaqdır”.
Ç.Ağayeva bildirib ki, əməkhaqqı yalnız xərc maddəsi deyil, həm də şirkətin insan kapitalına investisiyasıdır. Bu səbəbdən qarşıdakı dövrdə işəgötürənlər üçün əsas məsələ vergidən sonra işçinin maaşından nə qədər tutulacağı deyil, işçinin xalis gəlirini və şirkətin maliyyə dayanıqlığını eyni vaxtda necə qorumağın yollarını müəyyənləşdirməkdir:
“Vergi yükünün mərhələli şəkildə artması biznes üçün əvvəlcədən planlama imkanı da yaradır. Şirkətlər əməkhaqqı fondunu indidən hesablamalı, müxtəlif maaş səviyyələri üzrə ssenarilər hazırlamalı və 2027-ci ildən yaranacaq əlavə yükü büdcələrində nəzərə almalıdırlar.
Dövlət qurumlarının açıqlamasında da yeni mexanizmin məhz mərhələli tətbiqinin biznes və işçilər üçün daha yumşaq keçid yaratması nəzərdə tutulur.
Düzgün biznes yanaşması vergi dəyişikliyini gözləmək deyil, onun əməkhaqqına təsirini əvvəlcədən hesablamaqdır. İşçinin xalis gəlirinin qorunması mümkün olduğu halda, maaş artımı ilə kompensasiya mexanizmi həm işçinin, həm də işəgötürənin maraqlarını balanslaşdıran alətə çevrilə bilər”, - deyə biznes məsləhətçisi əlavə edib.
Zeynəb Rzayeva
















