Hindistan müstəntiqləri tərəfindən saxta dərmanların istehsalı və satışı ilə məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü hesab edilən bu ölkənin vətəndaşı Praşant Rancan Babu Azərbaycandan deportasiya edilib və Dehliyə çatan kimi saxlanılıb.
Bakıvaxtı.az-ın Hindistan mətbuatına istinadən verdiyi məlumata görə, Babu bir müddət əvvəl vizasının müddəti bitdiyi üçün Azərbaycanda saxlanılmışdı.
Daha sonra Hindistan tərəfi onun saxta tibbi preparatların qanunsuz dövriyyəsində iştirakı ehtimalı ilə bağlı materialları Azərbaycana təqdim edib. Müvafiq hüquqi prosedurlar həyata keçirildikdən sonra o, Hindistana ekstradisiya olunub.
Məlumata əsasən, Babu təyyarədən düşdükdən dərhal sonra həbs edilib. Xüsusi istintaq qrupu onu saxta dərmanların, xüsusən də onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan vasitələrin istehsalı və tədarükünü həyata keçirən gizli şəbəkədə iştirakda şübhəli bilir.

















