• Bakı 15° C

    2.38 m/s

Azərbaycanın İslam dünyasında artan nüfuzu: Bakı ön plana çıxır

SİYASƏT

27 Oktyabr 2026 | 09:46 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanın İslam dünyasında artan nüfuzu: Bakı ön plana çıxır

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. Bu görüş Azərbaycanın İslam dünyası ilə münasibətlərinin hansı səviyyəyə yüksəldiyini göstərən mühüm diplomatik hadisədir.

Bu görüşə yalnız iki tərəf arasında əməkdaşlığın müzakirəsi kimi yanaşmaq doğru olmaz. Burada Azərbaycanın beynəlxalq nüfuzu, İslam ölkələri arasında siyasi həmrəyliyin gücləndirilməsi və Cənubi Qafqazda formalaşan yeni reallıqlara münasibət baxımından əhəmiyyətli mesajlar səsləndirilib. Azərbaycan uzun illərdir ki, İslam dünyasının birliyini müdafiə etməklə yanaşı, müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlər arasında dialoqun inkişafına da çalışır. Ölkəmizin üstünlüyü ondadır ki, İslam həmrəyliyini yalnız dini mənsubiyyət məsələsi kimi deyil, beynəlxalq münasibətlərdə qarşılıqlı dəstək və əməkdaşlıq mexanizmi kimi təqdim edir.

Bu münasibətlərin tarixi əsasları da kifayət qədər möhkəmdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra İƏT-ə üzv olub və artıq 35 ildir ki, təşkilatın fəaliyyətində iştirak edir. Baş katibin Ümummilli lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etməsi, onun Azərbaycanla İƏT arasında əlaqələrin inkişafındakı xidmətlərini vurğulaması təsadüfi deyil. Məhz Heydər Əliyevin siyasi fəaliyyəti dövründə Azərbaycanın İslam ölkələri ilə münasibətləri daha sistemli xarakter aldı və bu əlaqələr xarici siyasətin mühüm istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə həmin siyasət yeni məzmun qazandı. Azərbaycan İƏT daxilində yalnız siyasi mövqelərin uzlaşdırılmasında deyil, həm də humanitar, mədəni və institusional əməkdaşlığın genişləndirilməsində fəal iştirak edən dövlətə çevrildi.

Görüşün ən mühüm siyasi məqamlarından biri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin İƏT Baş katibi tərəfindən tarixi hadisə kimi qiymətləndirilməsidir. Bu mövqe həm də təşkilatın uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin davamıdır. Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti dövründə İƏT Azərbaycanın mövqeyini müdafiə edən qətnamələr qəbul edib, işğal olunmuş ərazilərdə dini və mədəni abidələrin dağıdılmasını pisləyib. 2021 və 2023-cü illərdə təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndələrinin Azərbaycana faktaraşdırıcı səfərləri də bu baxımdan əhəmiyyətli idi. İndi isə vəziyyət dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və regionda davamlı sülhün formalaşması istiqamətində diplomatik fəaliyyətini davam etdirir. İƏT rəhbərliyinin Prezident İlham Əliyevin sülh səylərini dəstəkləməsi göstərir ki, təşkilat Azərbaycanı yalnız keçmiş münaqişənin tərəfi kimi deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik mühitinin formalaşmasında əsas iştirakçılardan biri kimi qəbul edir.

Azərbaycanın İslam dünyasındakı nüfuzunu artıran digər mühüm amil onun təşəbbüslərinin konkret nəticələrlə müşayiət olunmasıdır. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam ölkələri arasında yaxınlaşmaya xidmət edən mühüm addımlar idi. Bundan əvvəl, 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT ilə İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə dair yüksək səviyyəli iclasın keçirilməsi ölkəmizin İslam dünyasının maraqlarını qlobal diplomatik gündəliyə çıxarmaq imkanlarını nümayiş etdirmişdi. Eyni zamanda, İslam Əməkdaşlığı Gənclər Forumu, Bakıda İƏT Əmək Mərkəzinin təsis edilməsi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüslər Azərbaycanın əməkdaşlığı müxtəlif istiqamətlər üzrə genişləndirmək niyyətindən xəbər verir. Bu baxımdan Azərbaycan İslam dünyasında yalnız bəyanatlarla çıxış edən deyil, ortaq fəaliyyət üçün platformalar yaradan dövlət kimi fərqlənir.

Görüşdə diqqət çəkən məsələlərdən biri də İslam dünyasına və Azərbaycana qarşı yönələn dezinformasiya kampaniyalarına qarşı birgə fəaliyyətin vacibliyidir. Müasir beynəlxalq münasibətlərdə informasiya mübarizəsi artıq siyasi və diplomatik rəqabətin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə dini dözümsüzlük, islamofobiya və ayrı-ayrı ölkələr haqqında yanlış təsəvvürlərin formalaşdırılması beynəlxalq ictimai rəyə təsir göstərən amillərdəndir. Azərbaycan 2023-cü ildən etibarən islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfranslara ev sahibliyi etməklə bu məsələnin müzakirəsinə töhfə verir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə məscidlərin və dini abidələrin bərpası, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə İslam mədəni irsinin qorunması istiqamətində fəaliyyəti ölkəmizin bu sahədə mövqeyini konkret işlərlə ortaya qoyur. Azərbaycanın dünyəvi dövlət olması ilə İslamın mənəvi dəyərlərinə hörmət göstərməsi arasında heç bir ziddiyyət yoxdur. Əksinə, bu model dini-mədəni kimliyin qorunması ilə müasir dövlətçilik prinsiplərinin bir arada mövcud ola biləcəyini nümayiş etdirir.

Qarşıdakı dövr Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında münasibətlər baxımından daha böyük əhəmiyyət daşıyacaq. Şuşanın 2026-cı il üzrə İƏT-in turizm paytaxtı seçilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin beynəlxalq mədəni və turizm məkanına inteqrasiyası üçün yeni imkanlar yaradır. 2027-ci ildə Bakıda İƏT İnformasiya Nazirləri Konfransının, ardınca isə İslam Zirvə Konfransının keçirilməsinin nəzərdə tutulması ölkəmizin təşkilat daxilində siyasi çəkisinin göstəricisidir. Xüsusilə İslam Zirvə Konfransına ev sahibliyi və təşkilatda sədrliyin Azərbaycana keçməsi ölkəmizin İslam dünyasının gələcək əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsində iştirakını daha da genişləndirə bilər. Burada əsas məsələ Azərbaycanın mövcud nüfuzunu yeni diplomatik təşəbbüslərə çevirməsidir. Prezident İlham Əliyevin İƏT Baş katibi ilə görüşü də göstərir ki, Azərbaycan qarşıdakı mərhələdə İslam həmrəyliyinin möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və regional sülhün təşviqi istiqamətində fəal rolunu davam etdirmək niyyətindədir.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026