"Azərbaycan müxtəlif din və etnik qrupların nümayəndələrinin özünü azad hiss etdiyi məkandır".
Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir və tarixən müxtəlif dinlərin davamçıları üçün təhlükəsiz məkana çevrilib:
"Prezidentin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda multikulturalizm və tolerantlıq sadəcə dövlət siyasəti deyil, xalqın tarixi həyat tərzidir".
F.Cəfərov qeyd edib ki, münaqişədən çıxmış və işğaldan azad edilmiş ərazilərini bərpa edən ölkə olaraq Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Onun sözlərinə görə, Forum çərçivəsində panellərdən biri məhz münaqişədən zərər görmüş bölgələrdə mədəni irsin bərpasına həsr olunacaq və bu təcrübə dünya ilə paylaşılacaq.
Nazir müavini əlavə edib ki, forumun 6 əsas hədəfi müəyyən edilib, lakin ən vacibi sektoral və sahələrarası tərəfdaşlığın gücləndirilməsi, eləcə də gələcək nəsillərin gücləndirilməsidir.
Zeynəb Rzayeva
















