• Bakı 15° C

    2.03 m/s

Ankara Bakıya mesaj verdi: Saralın gedişi gərginliyi azaldacaq?

SİYASƏT

26 Oktyabr 2026 | 14:40 | Müəllif: Gülşən Şərif

Ankara Bakıya mesaj verdi: Saralın gedişi gərginliyi azaldacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanla bağlı sosial mediada sərt və tənqidi açıqlamalarından sonra vəzifəsindən azad edilib. Məlumatı təsdiqləyən Saral açıqlamasında "Ölkə Prezidentinin göstərişi ilə ayrıldım, heç kimdən incikliyim yoxdur, əsas olan Türkiyə Cümhuriyyətidir və Prezidentimizin uğurudur" ifadələrini işlədib.

Qeyd edək ki, onun Azərbaycandakı daxili məsələlərə və təhsil sahəsindəki qaydalara dair sərt paylaşımları və açıqlamaları ölkədə və siyasi dairələrdə etirazlara səbəb olub.

Oktay Saralın vəzifədən çıxarılmasını bir mesaj kimi qəbul etmək olarmı? Bu, Azərbaycanla Türkiyə arasında son günlər müşahidə olunan gərginliyin bitməsini göstərirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Oktay Saralın vəzifədən uzaqlaşdırılması Ankara tərəfindən Bakıya verilən siyasi mesaj kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, məhz Saralın açıqlamaları iki müttəfiq dövlət arasında müzakirələrə yol açmışdı. İndi Saral vəzifədən uzaqlaşdırılırsa, bu, Türkiyə rəhbərliyinin ayrı-ayrı siyasi şəxslərin emosional və ya sərt açıqlamalarının dövlətlərarası münasibətlərə zərər vurmasını istəməməsini göstərir.

Müsahibimiz qeyd edib ki, prezidentin yaxın siyasi çevrəsində təmsil olunan şəxsin vəzifədən ayrılması, xüsusilə də hadisələrin Azərbaycanla münasibətlərdə gərginlik fonunda baş verməsi Ankaranın münasibətlərin qorunmasına üstünlük verdiyini göstərən əlamətdir:

“Bu addım həm də Türkiyədə ayrı-ayrı çevrələrə ünvanlanan xəbərdarlıq kimi də qəbul oluna bilər".

Yusif Bağırzadə:Ən qısa müddətdə istənilən fikir ayrılıqlarının arxada qaldığına şahidlik edəcəyik

Politoloq qeyd edib ki, rəsmi Ankara bu qərarı ilə Azərbaycanın daxili məsələləriləbağlı açıqlamalar verilərkən diplomatik həssaslıqların nəzərə alındığını göstərib.

"Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından daha geniş strateji təməllərə söykənir. İki ölkəni bir-birinə müdafiə, enerji, nəqliyyat, regional təhlükəsizlik və türk dünyasının birliyi ilə bağlı o qədər çox maraq birləşdirir ki, mövcud fikir ayrılıqlarının uzunmüddətli strateji böhrana çevrilməsi onsuz da mümkün deyildi”.

Yusif Bağırzadə hesab edir ki, Oktay Saralın vəzifədən uzaqlaşdırılması münasibətlərin normallaşması üçün olduqca müsbət siyasi siqnal olaraq qəbul oluna bilər:

“Tamamilə əminəm ki, hər hansı fikir ayrılığı iki dost, qardaş, müttəfiq ölkə olan Azərbaycan və Türkiyə münasibətlərinə təsir göstərə bilməz".

Müsahibimiz onu da bildirib ki, biz ən qısa müddətdə istənilən fikir ayrılıqlarının arxada qaldığına şahidlik edəcəyik.

Gülşən Şərif

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR