• Bakı 15° C

    2.5 m/s

Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - TARİF ŞURASI AÇIQLADI

CƏMİYYƏT

26 Oktyabr 2026 | 11:12 | Müəllif: Gülşən Şərif

Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - TARİF ŞURASI AÇIQLADI

Bir müddət öncə Azərbaycanda bəzi apteklərdə eyni dərmanların fərqli qiymətlərə satılması ilə bağlı yazı hazırlamışdıq. Yazıda qeyd olunurdu ki,  qiymətlər arasında fərq 15-20 manat civarında təşkil edir. Bu isə xüsusən də maddi imkanı az olan və evində xəstəsi olan ailələrin dərman alması üçün müəyyən çətinliklər yaradır.

Dərmanların qiymət fərqi ilə bağlı Tarif Şurası Bakıvaxtı.az-ın sorğusunu cavablandırıb.

Tarif Şurasından bildirilib ki, ölkəmizdə dərman vasitələrinin qiymətləri Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Qaydaya və Tarif (qiymət) Şurasının qiymətlərin hesablanmasına dair Təlimatına əsasən tənzimlənir. Bu zaman dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müəyyən edilir. Apteklər dərmanları təsdiqlənmiş həddən aşağı qiymətə sata bilərlər: 

"Buna görə də eyni dərman vasitəsinin müxtəlif apteklərdə satış qiyməti fərqlənə bilər. Müəyyən edilmiş yuxarı həddən baha satışa görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur.

Məsələn, hər hansı bir dərman vasitəsinin qiymətinin yuxarı həddi 5 manat məbləğində təsdiqlənibsə, həmin dərman vasitəsinin maksimum qiyməti 5 manat ola bilər və o, 5 manatdan da aşağı qiymətə satıla bilər".

Qeyd olunub ki, qiymətlərin hesablanmasında xarici referans qiymət yanaşması  tətbiq olunur. Yəni istinad ölkələrinin rəsmi və açıq mənbələrindəki qiymətlər əsas götürülür. Müəyyən edilmiş bazis qiymət əsasında topdansatış və aptek təşkilatları üçün nəzərdə tutulan əlavələr, nəzarət markasının qiyməti və ƏDV nəzərə alınmaqla satış qiymətlərinin yuxarı həddi hesablanır: 

"Qiymətlərin tənzimlənməsi ilə bağlı normativ hüquqi sənədlər və istinad mənbələri ilə Tarif Şurasının rəsmi internet səhifəsində tanış olmaq mümkündür. Eyni tərkibli, lakin müxtəlif istehsalçılara məxsus dərman vasitələrinin qiymətləri də fərqlənə bilər. Qiymət tənzimlənməsi zamanı istehsal ölkələrinin aid olduğu qruplar, həmin ölkələrdə dərman istehsalına tətbiq edilən tələblər, əczaçılıq sənayesinin inkişafı və istinad bazarlarındakı qiymətlər nəzərə alınır".

O da bildirilib ki, həmçinin apteklərdə satılan bioloji aktiv qida məhsulları dərman vasitəsi hesab edilmir və onların qiymətləri dövlət tərəfindən tənzimlənmir:

"Bu səbəbdən həmin məhsulların qiymətləri apteklər üzrə fərqlənə bilər".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026