“Warner Bros.” studiyasının məşhur “Looney Tunes” cizgi filmində bir çox personajları səsləndirmiş dublyaj aktyoru Erik Bauza 46 yaşında vəfat edib.
Bakıvaxtı.az “Variety” nəşrinə istinadən xəbər verir ki, ölümün səbəbi hipertonik ürək xəstəliyi olub.
Ailəsi aktyorun ölüm faktını təsdiqləyib.
Qeyd edək ki, 1979-cu ildə Torontoda anadan olmuş Erik Bauza karyerasına personaj rəssamı kimi başlasa da, sonradan dublyaja keçib və Hollivudun ən çox tələb olunan mütəxəssislərindən birinə çevrilib. 25 illik karyerası ərzində 400-dən çox layihədə çalışan aktyor 2022-2025-ci illər arasında bir neçə serialdakı səsləndirmələrinə görə üç dəfə “Emmi” mükafatına layiq görülüb.
O, məşhur “Looney Tunes” cizgi filmində Baqs Banni, Daffi Dak, donuz Porki, quş Tvit, pişik Silvestr və digər personajları səsləndirib. Onun səsi həmçinin “Avatar: Aanq haqqında əfsanə”, “Rik və Morti”, “Çəkməli Pişiyin macəraları” cizgi seriallarında və “Ulduz müharibələri” animasiya layihələrində yer alıb.
















