• Bakı 15° C

    2.03 m/s

Abbas Abbasov Azərbaycana gələn əcnəbi ictimai-siyasi fəallarla görüşüb

SİYASƏT

26 Oktyabr 2026 | 12:08 | Müəllif: Əli Hüseynov

Abbas Abbasov Azərbaycana gələn əcnəbi ictimai-siyasi fəallarla görüşüb

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası - Tahiti) ərazilərindən Azərbaycana səfər etmiş ictimai-siyasi fəallardan ibarət nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə 22-30 oktyabr tarixlərində Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalında iştirak edən Kanaki və Maʻohi Nui komandalarına azarkeşlik etmək və gənc futbolçuların beynəlxalq yarışda öz xalqını təmsil etməsinə mənəvi dəstək vermək məqsədilə ölkəmizə gəlib.

Görüşdə Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda apardıqları mübarizənin hazırkı vəziyyəti, milli kimliyin və mədəni irsin qorunmasının vacibliyi, eləcə də əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qonaqlar Bakı Təşəbbüs Qrupunun Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda mübarizəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dekolonizasiya məsələlərinin beynəlxalq gündəlikdə saxlanılması və müxtəlif ərazilərin müstəqillik hərəkatları arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndiriblər. Azərbaycanın bu istiqamətdə göstərdiyi dəstəyə və beynəlxalq platformalarda yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər.

Abbas Abbasov öz növbəsində hər iki komandanın gənc futbolçularına uğurlar arzulayıb, idmanın xalqlar arasında dostluq və həmrəyliyi möhkəmləndirməklə yanaşı, onların milli kimliyinin və zəngin mədəniyyətinin tanıdılmasına xidmət etdiyini vurğulayıb. O, BTQ-nin müstəmləkəçilikdən əziyyət çəkən xalqların fundamental hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə müdafiəsinə dəstəyini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 25-də hər iki komandanın gənc futbolçularına dəstək məqsədilə Bakıda Atletlər Kəndinin qarşısında və Hövsan Yarış Kompleksində dəstək aksiyaları keçirilib. Azarkeşlər milli mahnı və rəqslərlə öz xalqlarının mədəniyyətini və ənənələrini də nümayiş etdiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR