• Bakı 14° C

    2.03 m/s

“Whatsapp” hesabınız oğurlanıbsa, TƏCİLİ BUNLARI EDİN

CƏMİYYƏT

26 Oktyabr 2026 | 16:20 | Müəllif: Günəş Mərd

“Whatsapp” hesabınız oğurlanıbsa, TƏCİLİ BUNLARI EDİN

Sosial şəbəkələrdə və messencerlərdə hesabların ələ keçirilməsi aktual kibertəhlükəsizlik problemlərindən biri olaraq qalır. Son günlər xüsusilə media nümayəndələri və tanınmış ekspertlərin "WhatsApp" hesablarının ələ keçirilməsi halları narahatlığı artırır.

İT mütəxəssisi Kamran Rasimoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, kibercinayətkarlar artıq yalnız texniki boşluqlardan deyil, insanların etibarından və diqqətsizliyindən də istifadə edirlər.

Onun sözlərinə görə, hücumların ən geniş yayılmış üsullarından biri fişinqdir:

"Belə hallarda istifadəçiyə "WhatsApp"ın texniki dəstəyi və ya tanış şəxsin adından saxta mesaj göndərilir, ondan təsdiq kodunu paylaşmaq və ya şübhəli keçidə daxil olmaq tələb olunur. Bəzən istifadəçi fərqinə varmadan öz hesabına başqa cihazın qoşulmasına icazə verir. Nəticədə kibercinayətkar yazışmalara çıxış əldə edə və hesab sahibinin adından digər şəxslərə mesajlar göndərə bilər".

İT mütəxəssisi Kamran Rasimoğlu

Kamran Rasimoğlu vurğulayıb ki, jurnalistlər, media nümayəndələri və tanınmış ekspertlər üçün bu təhlükə daha ciddidir. Çünki onların hesablarının ələ keçirilməsi şəxsi məlumatların itirilməsi ilə yanaşı, mənbələrin təhlükəsizliyinə, peşəkar fəaliyyətə və ictimai etibara da zərər vura bilər.

İT mütəxəssisi istifadəçilərə "WhatsApp"da ikiaddımlı təsdiqləməni aktivləşdirməyi, təsdiq kodlarını heç kimlə paylaşmamağı və qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib. O, həmçinin tanış şəxsdən gəlsə belə, şübhəli mesajlara və keçidlərə ehtiyatla yanaşmağın, telefonun və tətbiqlərin proqram təminatını yeniləməyin vacibliyini diqqətə çatdırıb.

"Heç bir təhlükəsizlik sistemi istifadəçinin diqqətini tam əvəz edə bilməz. Kibertəhlükəsizlik yalnız texnologiya deyil, həm də rəqəmsal mədəniyyət və şəxsi məsuliyyət məsələsidir. Buna görə də internetdə məlumatları yoxlamaq, hər tələbə dərhal inanmamaq və şəxsi məlumatları qorumaq vacibdir", - deyə o fikrini yekunlaşdırıb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR