• Bakı 15° C

    2.5 m/s

“Lulanın qələbəsi Trampın siyasi nüfuzuna zərbədir” - ŞƏRH

DÜNYA

26 Oktyabr 2026 | 10:22 | Müəllif: Günəş Mərd

“Lulanın qələbəsi Trampın siyasi nüfuzuna zərbədir” - ŞƏRH

Luiz İnasio Lula da Silva Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən dövlət başçısı seçilib. O bildirib ki, Braziliya ABŞ-nin “arxa bağçası” olmayacaq.

Politoloq Natiq Miri Luiz İnasio Lula da Silvanın bəyanatını Bakıvaxtı.az-a şərh edib.

Dediyinə görə, Lulanın qələbəsi ABŞ Prezidenti Donald Trampın siyasi nüfuzuna və təsir imkanlarına zərbə kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Tramp öz siyasəti ilə razılaşmayan dövlətlərə təsir göstərmək üçün iqtisadi və maliyyə mexanizmlərindən istifadə edir. Bu baxımdan, Braziliyada seçkilərin nəticəsi Vaşinqtonla münasibətlərdə yeni gərginlik yarada bilər.

"ABŞ Braziliyaya qarşı ticarət sahəsində yeni məhdudiyyətlər tətbiq etməyə və iqtisadi münasibətlərdə öz maraqlarını ön plana çəkməyə çalışa bilər. Bu isə Braziliya üçün müəyyən risklər yaradır. Problem təkcə Braziliya ilə məhdudlaşmır. Bir sıra ölkələr Trampın siyasətindən narazıdır və ABŞ-nin digər dövlətlərin daxili işlərinə təsir göstərmək cəhdlərinə etiraz edirlər".

Natiq Miri: Lulanın qələbəsi ABŞ ilə Braziliya arasında yeni siyasi gərginlik yarada bilər

Ekspertin fikrincə, Lulanın yenidən prezident seçilməsi dövlətlərin suverenliyi və bərabərhüquqlu münasibətlər məsələsini bir daha gündəmə gətirir. O hesab edir ki, Trampın yanaşması ABŞ-nin beynəlxalq nüfuzuna və digər ölkələrlə münasibətlərinə mənfi təsir göstərə bilər.

"Braziliya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi rəsmi Braziliyanın Çin və Rusiya kimi qlobal güclərlə əlaqələrini daha da gücləndirməsinə səbəb ola bilər".

Natiq Miri əlavə edib ki, Lulanın qələbəsi ABŞ ilə Braziliya arasında yeni siyasi gərginlik yarada və Vaşinqtonun Latın Amerikasındakı təsir imkanları ətrafında müzakirələri gücləndirə bilər.

Ekspertin qənaətinə görə, Lulanın yenidən seçilməsi Trampın siyasi yanaşmasına qarşı ciddi mesajdır.

Natiq Miri hesab edir ki, Braziliyada keçirilən prezident seçkiləri xalqın azadlıq və suverenliyə üstünlük verdiyini göstərib. Onun sözlərinə görə, alternativ namizəd ABŞ-nin maraqlarına xidmət edən siyasətçi kimi qəbul olunurdu və bu, Braziliyanın dövlət və xalq olaraq suveren hüquqlarının məhdudlaşması riskini yaradırdı. Politoloq bildirib ki, xalq seçim qarşısında qalanda azadlığa və suverenliyə səs verib. Onun fikrincə, seçkinin nəticələrini müəyyənləşdirən əsas mənəvi-psixoloji amil də məhz bu olub. 

Qeyd edək ki, Braziliyanın hazırkı prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gəlib. Seçki komissiyasının məlumatlarına görə, solçu İşçilər Partiyasının lideri Lula da Silva səslərin 51,74 %-ni toplayıb. Onun rəqibi, sağçı müxalifəti təmsil edən senator Flavio Bolsonaru isə 48,26 % səs alıb. Beləliklə, Bolsonaru hətta qalan səslər sayıldıqdan sonra belə hazırkı prezidentlə arasındakı fərqi azalda bilməyəcək. Lula da Silva Braziliyanın müasir tarixində birinci turda rəqibindən geri qaldıqdan sonra prezident seçkilərində qalib gəlməyi bacaran ilk siyasətçi olub. Onun yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026