Bakının Xətai rayonunda restoranlardan birində baş verən qətllə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 23-də saat 00:10 radələrində Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində qeydə alınıb. Belə ki, 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri nəticəsində qətlə yetirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etməkdə şübhəli bilinən 11 nəfər həbs olunub.
Həbs edilənlər əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyevdir.
İstintaqla müəyyən edilib ki, qeyd olunan şəxslər cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirib, mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olublar. Onların hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri bildirilir.
Həmçinin həmin şəxslərin odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmağı nəzərdə tutan cinayətkar fəaliyyətlə məşğul olduqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin hər birinin hadisədə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
















