"Dialoq münaqişələrin qarşısını almaq üçün ən vacib vasitədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad deyib.
O, bildirib ki, qurum BMT sistemində dinlərarası və mədəniyyətlərarası dialoqa rəhbərlik edən əsas təşkilatlardan biri kimi dövlət və qeyri-dövlət aktorlarını bir araya gətirərək qlobal dialoq platforması yaratmağa çalışıb. Direktorun sözlərinə görə, son 20 ildə Alyansın qlobal forumları beynəlxalq səviyyədə geniş tanınıb.
N.Saad vurğulayıb ki, bu təşəbbüslər dialoqun sülhün bərqərar olması və sosial birliyin güclənməsində həlledici rol oynadığına olan inama söykənir.
Onun sözlərinə görə, Ümumdünya Forumu bu hədəflərin reallaşması üçün ən önəmli qlobal platformalardan biridir və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın 7-ci dəfə davam etməsindən qürur duyurlar.
Zeynəb Rzayeva
















