Bu il XII dəfə qapılarını kitabsevərlərin üzünə açan Bakı Beynəlxalq Kitab Sərgisi əsas diqqətini uşaq ədəbiyyatına və gənc nəslin mütaliə vərdişlərinə yönəldib. Sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı altında reallaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov mətbuata açıqlamasında bildirib ki, layihənin əsas qayəsi uşaqlarda mütaliəyə həvəs oyatmaq, eyni zamanda milli ədəbiyyatımızı böyüməkdə olan nəslə daha yaxından tanıtmaqdır. Bu məqsədlə sərgi məkanında azyaşlı ziyarətçilər üçün xüsusi interaktiv zonalar və guşələr istifadəyə verilib.
Nazir müavininin sözlərinə görə, tədbir günlərində 300-dən artıq rəngarəng proqramın təşkili nəzərdə tutulub. Ziyarətçiləri həm yerli, həm də xarici qələm sahibləri ilə maraqlı görüşlər, imza saatları və yeni nəşrlərin təqdimatları gözləyir. Bununla yanaşı, ədəbiyyatın inkişafı və təbliği mövzusunda yerli və beynəlxalq miqyaslı konfranslar da keçiriləcək.
F.Cəfərov onu da əlavə edib ki, sərgi yalnız oxucular üçün deyil, nəşriyyatlar üçün də əhəmiyyətli platformadır. Belə ki, məkanda nəşriyyat nümayəndələrinin işgüzar müzakirələr aparması və yeni əməkdaşlıqlar qurması üçün xüsusi zona ayrılıb.
Zeynəb Rzayeva
















