Son günlər Azərbaycan neftinin qiymətində artım müşahidə olunur. Belə ki, bu günə olan məlumata görə, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dolları və ya 0,97 % artaraq 119,68 ABŞ dolları təşkil edib.
Bəs neftin bahalaşması hansı səviyyəyə və müddətə qədər davam edə bilər? Bu vəziyyətdə manatın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank hansı addımları atmalıdır?
İqtisadçı Eldəniz Əmirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan neftinin dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq qiymətdən 54,168 dollar (119,68) baha satılması büdcə daxilolmalarına, həm də ölkənin valyuta ehtiyatlarının artmasına birbaşa təsir göstərir:
"Qiymət artımının mümkün səbəblərinə gəlincə, bu artım geosiyasi amillərlə bağlıdır. Yaxın Şərqdə geosiyasi gərginlik, Hörmüz boğazında daşınma riskləri, neft tədarükünün azalması ehtimalı var. Düşünürəm ki, bu bahalaşma uzun müddət yüksək səviyyədə qalacaq. Hətta noyabrın əvvəllərində Yaxın Şərqdə daha bir ciddi qarşıdurma ehtimalı yüksəkdir. Bu baş versə, neft qiymətləri rekord həddə çata bilər. Bu səbəbdən 2027-ci ildə də qiymətlərin yüksək qalacağını gözləyirəm".

İqtisadçı Eldəniz Əmirov
Neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edən Eldəniz Əmirova görə, neftin hər barelindən yüksək qiymət qazandıqca ölkəyə valyuta daxilolmaları artır:
"Hər 10 dollarlıq artım dövlət büdcəsinə təxminən 400 milyon manat əlavə vəsait deməkdir. Eyni zamanda Dövlət Neft Fondunun gəlirləri və ümumilikdə valyuta ehtiyatları milyardlarla dollar artır. Bu da xarici ticarətdən daxilolmaları çoxaldır və tədiyə balansında müsbət dinamika yaradır. Büdcənin imkanları genişlənəndə manata təzyiq azalır. Dollar təklifinin artması manatın möhkəmlənməsi istiqamətində təzyiq yaradır. Bu gün müşahidə olunan dinamika odur ki, ölkəyə daha çox dollar daxil olur və banklar, valyutadəyişmə məntəqələri dolları satmaqdan çox alır. Belə bir vəziyyətdə manatın məzənnə sabitliyi üçün hər hansı risk görmürəm", - deyə müsahibimiz qeyd edib.
Ekspert xatırladıb ki, ölkə başçısı da çıxışında manatın sabitliyinin qorunmasını əsas prioritet kimi vurğulayıb. Bu, onu göstərir ki, burada təkcə iqtisadi əsas yox, həm də siyasi mövqe var. Buna görə də manatın məzənnəsində dəyişiklik olacağı gözlənilmir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Gülşən Şərif
















