20 oktyabr Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan, milli qürur və Zəfər salnaməmizin mühüm səhifələrindən biridir. 2020-ci ilin məhz bu günündə, 44 günlük Vətən müharibəsinin 24-cü günündə Azərbaycan Ordusu Zəngilan şəhərini və ətraf kəndləri Ermənistanın işğalından azad etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciətində səsləndirdiyi “Zəngilan bizimdir! Qarabağ bizimdir!” sözləri tarixi qələbənin rəmzlərindən birinə çevrildi. 27 illik işğaldan sonra Zəngilanda Azərbaycan bayrağının dalğalanması dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Bu gün həmin tarixi hadisədən altı il ötür və Zəngilan artıq yalnız hərbi qələbənin deyil, həm də dirçəlişin, quruculuğun və doğma torpaqlara qayıdışın rəmzi kimi yeni inkişaf mərhələsini yaşayır.
Zəngilanın azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində ölkəmizin İranla dövlət sərhədinin uzun illər işğal altında qalmış 132 kilometrlik hissəsinə nəzarət bərpa edildi. Bu, Azərbaycanın dövlət suverenliyinin və sərhəd təhlükəsizliyinin təmin olunması baxımından tarixi nailiyyət idi. Eyni zamanda, Zəngilanın azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin sonrakı əməliyyatları üçün əlverişli şərait yaratdı və müharibənin ümumi gedişinə mühüm təsir göstərdi. Həmin dövrdə Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq, hərbi hazırlıq və şəxsi heyətin qəhrəmanlığı xalqımızın yaddaşına əbədi həkk olundu. Bu qələbənin qazanılmasında canlarından keçən şəhidlərimizin xatirəsi isə daim böyük ehtiramla yad edilir.
Zəngilanın azad olunmasından sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri uzun illər işğal altında qalmış ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının ilk ünvanının məhz Zəngilan rayonunun Ağalı kəndi olması təsadüfi deyildi. 2022-ci ildə “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalıya sakinlərin köçürülməsinə başlanılması Azərbaycanın müharibədən sonrakı bərpa siyasətində mühüm hadisəyə çevrildi. Müasir yaşayış evləri, sosial infrastruktur, innovativ texnologiyalar və yeni təsərrüfat imkanları əsasında qurulan kənd azad edilmiş ərazilərdə yeni məskunlaşma modelinin nümunəsi oldu. Bu layihə göstərdi ki, Azərbaycanın məqsədi yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, həm də müasir standartlara cavab verən dayanıqlı yaşayış mühiti formalaşdırmaqdır.
Zəngilanın inkişafında diqqətçəkən istiqamətlərdən biri də rayonun beynəlxalq nəqliyyat və logistika imkanlarının genişləndirilməsidir. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hava limanı Şərqi Zəngəzurun nəqliyyat infrastrukturunun inkişafına və regionun iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edən mühüm layihələrdən biridir. Eyni zamanda, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantılarının inkişafı perspektivini gücləndirir. Bu baxımdan Zəngilanın strateji əhəmiyyəti artıq yalnız hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, həm də regional iqtisadi əməkdaşlıq və beynəlxalq nəqliyyat əlaqələri müstəvisində özünü göstərir.
Zəngilanın azad olunmasının altıncı ildönümü bu il xüsusi əlamətdar hadisə ilə yadda qaldı. 20 oktyabr – Zəngilan Şəhəri Günü ilk dəfə şəhərin özündə geniş tədbirlərlə qeyd edildi. Zəngilan Konqres Mərkəzində təşkil olunan festival, fotosərgilər, mədəniyyət və incəsənət proqramları, eləcə də sakinlərin bayram tədbirlərində iştirakı şəhərin ictimai və mədəni həyatının bərpasını nümayiş etdirdi. Vaxtilə işğal nəticəsində dağıntılara məruz qalmış Zəngilanda bu gün insanların yenidən məskunlaşması, ictimai məkanların yaradılması və mədəni tədbirlərin keçirilməsi xüsusi rəmzi məna daşıyır. Bu mənzərə azad edilmiş ərazilərin yalnız fiziki baxımdan deyil, sosial və mənəvi baxımdan da dirçəldilməsinin vacibliyini göstərir. Zəngilanın yenidən canlanması həm də illərlə doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinin ifadəsidir.
Zəngilanın altı illik Zəfər tarixi Azərbaycanın hərbi qələbəni uzunmüddətli inkişaf və quruculuq siyasəti ilə davam etdirmək istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm nümunəsidir. 2020-ci ildə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbə sonrakı illərdə bərpa olunan yollar, salınan yaşayış məntəqələri, yaradılan infrastruktur və doğma torpaqlarına qayıdan insanların həyatı ilə yeni məzmun qazanıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri dövlətimizin ərazi bütövlüyünün bərpasından sonrakı mərhələdə qarşıya qoyduğu sosial-iqtisadi hədəfləri əks etdirir. Qarşıdakı əsas vəzifələr məskunlaşmanın davamlılığının təmin edilməsi, yeni iş yerlərinin yaradılması, mina təhlükəsinin aradan qaldırılması və bölgənin iqtisadi potensialının tam reallaşdırılmasıdır. Zəngilanın keçdiyi yol bir daha göstərir ki, tarixi Zəfərin əhəmiyyəti yalnız azadlıq gününün qeyd olunması ilə deyil, həmin torpaqlarda həyatın yenidən qurulması ilə də ölçülür. Altı il əvvəl qazanılan qələbənin bu gün ən mühüm davamı isə Zəngilanın yenidən yaşayan, inkişaf edən və gələcəyə inamla baxan Azərbaycan şəhərinə çevrilməsidir.
Züriyə Qarayeva
















