XII Bakı Beynəlxalq Kitab Sərgisi hər il daha da gözəlləşir və inkişaf edir.
Bunu XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Türkiyənin “Turkuaz Çocuk” və “Minika” dərgilərinin baş redaktoru Salih Zengin Bakıvaxtı.az-a deyib.
O bildirib ki, sərginin əhəmiyyəti yalnız azərbaycanlı oxucuların kitaba marağının artırılması ilə məhdudlaşmır. Tədbir, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn nəşriyyatlarla Azərbaycan nəşriyyatları arasında fikir mübadiləsi və əməkdaşlıq imkanlarını genişləndirir.
Salih Zenginin sözlərinə görə, sərgi xarici nəşriyyatların Azərbaycan oxucuları ilə əlaqə qurması, eləcə də yerli müəlliflərin beynəlxalq arenaya çıxması baxımından mühüm platformadır. O, gələcəkdə Azərbaycan yazıçılarının xarici nəşriyyatlarla əməkdaşlığının daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Türkiyənin İstanbul şəhərindən “Turkuaz Medya” qrupu olaraq sərgidə iştirak etdiklərini qeyd edən nəşriyyatçı əsas fəaliyyət istiqamətlərinin uşaq nəşrləri olduğunu bildirib.
O, Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin, xüsusilə uşaq nəşrləri və dərgi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Salih Zengin vurğulayıb ki, ortaq mədəni dəyərlər və könül birliyi əsasında qurulan münasibətlərin daha da möhkəmləndirilməsi hər iki ölkənin nəşriyyat sektoru üçün yeni imkanlar yarada bilər.
Nəşriyyatçı XII Bakı Beynəlxalq Kitab Sərgisini təbrik edərək tədbirin gələcək illərdə də inkişaf edəcəyinə əminliyini ifadə edib:
“Azərbaycanın artıq 12-ci dəfə təşkil olunan, köklü ənənələrə malik bu sərgisini təbrik edirəm. İnanıram ki, sərgi inkişaf edərək, böyüyərək və daha da gözəlləşərək davam edəcək”.
Zeynəb Rzayeva
















