ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları istədiyi vaxt sərtləşdirə biləcəyini bəyan edib. O, bildirib ki, Vaşinqton və Moskva Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh razılığına gələ bilməsə, istənilən an sanksiyaları yenidən sərtləşdirə bilər.
Tramp jurnalistlərin suallarına cavablandırarkən bildirib ki, hazırda Rusiya və Ukrayna arasında sülh danışıqları aparır və Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq addımlar atmaq istəmir. O, sanksiyaların təsirini qiymətləndirmək üçün 60 günlük müddət götürdüyünü və bu qərarın ölkənin milli maraqlarına uyğun olduğunu vurğulayıb.
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirərsə, bunu ABŞ-nin yenidən Ukraynaya dəstəyi artırması kimi qiymətləndirmək olarmı? Sanksiyaların sərtləşdirilməsi Rusiyanın mövqeyini dəyişdirə bilərmi?
Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a danışarkən bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilməsi ilə bağlı addımlarından bir neçə gün sonra Moskva ilə bağlı müəyyən məhdudiyyətlərin aradan qaldırılması və dizel yanacağı ticarəti ətrafında razılaşmaların əldə olunması Vaşinqtonun Rusiya siyasətindəki ziddiyyətləri bir daha ortaya qoyur:
"ABŞ administrasiyası hesab edir ki, Rusiya ilə iqtisadi münasibətləri normallaşdırmaq, sanksiyaları yumşaltmaq və danışıqları intensivləşdirməklə Vladimir Putini Ukrayna məsələsində güzəştlərə sövq etmək mümkündür. Lakin düşünürəm ki, bu strategiya gözlənilən nəticəni verməyəcək. Əksinə, Moskva Vaşinqtonun güzəştlərini zəiflik kimi qəbul edərsə, Ukraynada işğal siyasətini daha da genişləndirməyə çalışa bilər. Donald Trampın əsas məqsədi müharibəni mümkün qədər tez başa çatdırmaq və özünü sülhə nail olan lider kimi təqdim etməkdir. Bu məqsədlə onun Ukraynanı ərazi güzəştlərinə razı salmağa çalışdığı görünür. Eyni zamanda, Tramp administrasiyası Rusiya ilə iqtisadi sövdələşmələrə maraq göstərir və ABŞ şirkətlərinin Rusiyanın faydalı qazıntı ehtiyatlarının işlənməsində iştirakını təmin etməyə çalışır".

Politoloq Məhəmməd Əsədullazadə
Analitik hesab edir ki, Trampın yanaşmasında siyasi razılaşma ilə yanaşı, iqtisadi maraqlar da mühüm yer tutur.
"Avropa İttifaqının, Ukraynanın və Böyük Britaniyanın mövqeyi bu strategiyanın həyata keçirilməsini çətinləşdirə bilər. Kiyevin təhlükəsizlik təminatları olmadan ərazi güzəştlərinə məcbur edilməsi Avropada ciddi narazılıq doğuracaq. Ukraynanın gələcəyi ilə bağlı qərarların onun iştirakı olmadan qəbul edilməsi də real və davamlı sülhün əldə olunmasını çətinləşdirər. Donald Trampın Ukrayna məsələsindəki mövqeyi əvvəlki yanaşması ilə müqayisədə əhəmiyyətli dərəcədə Moskvanın maraqlarına yaxınlaşıb. Onun Kiyevə təzyiq göstərməsi Ukraynanı daha mürəkkəb vəziyyətə salır və Rusiyanın danışıqlardakı mövqeyini gücləndirə bilər", - deyə müsahibimiz vurğulayıb.

M. Əsədullazadənin qənaətincə, Trampın sanksiyaları istənilən vaxt tətbiq edə biləcəyini bildirməsi hələlik Moskvanı öz mövqeyini dəyişməyə məcbur edən təsirli mexanizmə çevrilməyib:
"Digər tərəfdən, noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri Tramp administrasiyasının gələcək siyasətinə təsir göstərə bilər. Əgər Demokratlar Konqresdə çoxluğu əldə etsələr, prezidentə qarşı siyasi təzyiqlər arta, onun xarici siyasət qərarlarının həyata keçirilməsi çətinləşə bilər. Bu isə Trampın Rusiya və Ukrayna ilə bağlı planlarına da təsirsiz ötüşməyəcək. Düşünürəm ki, Donald Trampın Ukraynanı Rusiyaya ərazi güzəştlərinə razı salmaq cəhdləri ciddi maneələrlə üzləşəcək. Sanksiyaların tətbiq edilməsi və ya yumşaldılması da özlüyündə müharibənin dayandırılmasına zəmanət vermir. Əgər Vaşinqton Moskva ilə münasibətləri yaxşılaşdırmaq naminə Ukraynanın maraqlarını ikinci plana keçirərsə, bu, Rusiyanın mövqelərini gücləndirə və Avropa təhlükəsizliyi üçün yeni problemlər yarada bilər".
Politoloq son olaraq bildirib ki, hazırkı yanaşma Trampın Ukrayna məsələsində Moskvanın maraqlarına daha çox uyğun gələn siyasət yürütməsi barədə qənaəti gücləndirir.
Gülşən Şərif
















