Tovuz rayonunda “Turan” voleybol klubunun Avropa Voleybol Konfederasiyasının (CEV) Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Mladost-Zaqreb” komandası ilə qarşılaşması münasibətilə genişmiqyaslı ictimai tədbir təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Tovuz Olimpiya İdman Kompleksinin qarşısında keçirilən tədbirə yüzlərlə azarkeş qatılıb.
Proqram çərçivəsində əvvəlcə konsert təşkil olunub. Daha sonra azarkeşlər kompleksin qarşısında quraşdırılmış böyük ekran vasitəsilə beynəlxalq qarşılaşmanı canlı izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Tovuzda ilk dəfə belə yüksək səviyyəli beynəlxalq voleybol qarşılaşması münasibətilə genişmiqyaslı ictimai tədbir keçirilir. Bu təşəbbüs rayon sakinlərinin və idmansevərlərin bir araya gəlməsinə, Avropa arenasında mübarizə aparan Azərbaycan komandasına birlikdə dəstək göstərməsinə şərait yaradır.
Xatırladaq ki, Azərbaycanın son çempionu olan “Turan” voleybol klubu yay transfer dövründə heyətini bir sıra nüfuzlu idmançılarla gücləndirib. Komanda Çempionlar Liqasında uğurlu çıxış etməyi və beynəlxalq arenada Azərbaycanın voleybol nüfuzunu yüksəltməyi hədəfləyir.


















