“Ədəbiyyat öz-özünə mövcud ola bilmir. O, müəyyən siyasi dövrlərdə müxtəlif formalarda dəyişikliklərə məruz qalıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan ədəbiyyatının tarixi qədim olsa da, müxtəlif siyasi dövrlər ədəbi proseslərə təsir göstərib. XX əsr ədəbiyyatını xatırladan Orxan Fikrətoğlu Cümhuriyyət, sovet və müstəqillik dövrlərinin ədəbiyyatının fərqli mərhələlər kimi formalaşdığını vurğulayıb.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin hazırkı ədəbiyyat siyasətinin əsas məqsədi Azərbaycan ədəbiyyatının meyarlarını müəyyənləşdirmək, milli ədəbi irsin dəyərini üzə çıxarmaq və gələcək ədəbi inkişaf üçün zəmin yaratmaqdır:
“Yaddaş olmadığı zaman nə millət təşkilatlanır, nə dövlət möhkəmlənir. Bu, çox mühüm məsələdir. Həmin ənənə üzərində yeni təşkilatlanmanı, yeni ədəbi mühiti formalaşdırmaq lazımdır”, – deyə o qeyd edib.
Orxan Fikrətoğlu əlavə edib ki, festivalların və kitab sərgilərinin təşkili, Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təqdim olunması bu istiqamətdə mühüm addımlardır.
O bildirib ki, dünya ədəbiyyatında baş verən prosesləri və yenilikləri Azərbaycana gətirməklə yanaşı, yerli ədəbi nümunələrin hansı milli köklərdən qaynaqlandığına da diqqət yetirilməlidir:
“Dünyada hər hansı bir trend varsa, hamının insanın hisslərindən yazması o demək deyil ki, bu, Azərbaycan ədəbiyyatında da olduğu kimi təkrarlanmalıdır”, – deyə Orxan Fikrətoğlu vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan ədəbiyyatının dünyada tanıdılması, beynəlxalq ədəbi yeniliklərin ölkəyə gətirilməsi, eləcə də yazıçıların, naşirlərin və kitab sənayesi nümayəndələrinin beynəlxalq hüquqi müstəvidə fəaliyyət göstərməsinə şərait yaratmaqdır.
Orxan Fikrətoğlu yazıçıların hüquqlarının qorunmasının vacibliyini də vurğulayıb.
Zeynəb Rzayeva
















