Çinin Tibet Muxtar Rayonunda baş verən 7 bal gücündə zəlzələdən sonra torpaqda dərin və geniş çat aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, “Sina” Xəbər Agentliyinin məlumatına görə, çat Naqçu bölgəsinin Baçen qəzasında, zəlzələnin episentrindən təxminən 15 kilometr şərqdə yerləşir.
Çin seysmoloqlarının müəyyən etdiyi çatın eni bəzi hissələrdə 8–30 metrə çatır. Dərinliyi 3,5 metr olan çatda üfüqi yerdəyişmə isə 0,9 metr təşkil edir.
Mütəxəssislər ərazinin bir neçə nöqtəsində torpağın mayeləşməsini və çatlamaları da qeydə alıblar. Onların qiymətləndirməsinə görə, bu əlamətlər zəlzələnin geoloji təsir zonasının geniş olduğunu göstərir.
Zəlzələ oktyabrın 22-də 10 kilometr dərinlikdə baş verib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 16 nəfər ölüb, 76 nəfər yaralanıb.
Oktyabrın 25-i axşamı isə həmin ərazidə 5,7 bal gücündə növbəti zəlzələ qeydə alınıb. Məlumata görə, bu, əsas zəlzələdən sonra baş verən ən güclü təkan olub.
Murad İsmayıl
















