Bu ay ölkə bazarında əsas ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Xüsusilə ət, yumurta və kərə yağının qiyməti bahalaşıb. Belə ki, mal ətinin qiyməti 18-20 manata, yumurtanın qiyməti isə 0,25-0,30 qəpiyə çatıb. Həmçinin kərə yağının 1 kiloqramı 22-28 manat arasında dəyişir. Xüsusilə kərə yağının qiymətində son bir ayda 2-4 manat artım qeydə alınıb.
Bəs, bu bahalaşmanın səbəbləri nələrdir? Bahalaşma növbəti aylarda da davam edə bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ət, yumurta və kərə yağının qiymətinin artmasının həm daxili, həm də xarici səbəbləri var:
"Xarici amillər arasında dünya bazarında ərzaq məhsullarının, heyvan yemlərinin, taxılın və bitki yağlarının qiymət dəyişiklikləri, həmçinin daşınma və istehsal xərclərinin artması mühüm rol oynayır. Azərbaycan bir sıra ərzaq məhsulları ilə yanaşı, kərə yağı və heyvandarlıq üçün lazım olan yem komponentlərinin də bir hissəsini idxal etdiyindən dünya bazarındakı bahalaşma daxili bazara təsirsiz ötüşmür. Manatın məzənnəsi sabit qalsa da, xarici bazarda qiymətlərin yüksəlməsi idxal olunan məhsulların ölkədə bahalaşmasına səbəb ola bilər. Daxili səbəblər sırasında yem, elektrik enerjisi, yanacaq, əməkhaqqı və digər istehsal xərclərinin artmasını qeyd etmək lazımdır".
Ekspertin fikrincə, heyvandarlıqda yem xərcləri ətin maya dəyərinə birbaşa təsir edir. Yumurta istehsalında da mövsümi qıtlıq, quş yemi, enerji və logistika xərcləri əsas amillərdəndir.
"Digər tərəfdən, yerli istehsalın tələbatı tam ödəməməsi, bazarda rəqabətin zəif olması və vasitəçilərin çoxluğu qiymətlərin artmasına şərait yarada bilər. Ancaq konkret məhsul üzrə bahalaşmanın hansı səbəbdən qaynaqlandığını müəyyənləşdirmək üçün istehsal, idxal və topdansatış qiymətləri ayrıca təhlil edilməlidir", - deyə müsahibimiz əlavə edib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli
A. Nəsirli hesab edir ki, qarşıdakı aylarda ərzaq qiymətləri arta bilər:
"Xüsusilə payız-qış mövsümündə heyvandarlıq və quşçuluqda yem xərclərinin yüksəlməsi, bəzi yerli məhsulların təklifinin azalması qiymətlərə əlavə təzyiq göstərə bilər. İdxal məhsullarının qiymətləri də bu prosesdə mühüm rol oynayacaq. Bununla belə, bütün məhsulların qiymətinin mütləq artacağını demək düzgün olmaz. Qiymətlərin gələcək dinamikası dünya bazarındakı vəziyyətdən, daxili istehsalın həcmindən, idxal xərclərindən və bazarda rəqabətdən asılı olacaq. Əsas problem ondan ibarətdir ki, ərzaq qiymətlərinin artması əhalinin real alıcılıq qabiliyyətini zəiflədir. Xüsusilə gəlirlərinin böyük hissəsini qidaya xərcləyən aztəminatlı ailələr bahalaşmanı daha ağır hiss edirlər. Buna görə də qiymət artımının qarşısını almaq üçün yalnız inzibati nəzarət kifayət deyil".
Müsahibimizin qənaətincə, yerli istehsalın genişləndirilməsi, yem bazasının gücləndirilməsi, idxaldan asılılığın azaldılması və bazarda sağlam rəqabətin təmin edilməsi vacibdir.
Gülşən Şərif
















