Sosial müavinətlərin, xüsusilə də yaşa görə müavinətlərin məbləğinə yenidən baxılması və onların artırılması məsələsi son dövrlərdə cəmiyyətdə, eləcə də ekspert dairələrində ən çox müzakirə olunan sosial-iqtisadi mövzulardan birinə çevrilib. Ölkədə həyata keçirilən sosial siyasətin əsas məqsədi əhalinin rifah halının yaxşılaşdırılması və xüsusilə sosial həssas qrupların etibarlı müdafiəsini təmin etmək olsa da, mövcud iqtisadi reallıqlar bu istiqamətdə daha çevik və əhatəli addımların atılmasını zəruri edir. Xüsusən, yaşa görə sosial müavinətlərin artırılması ilə bağlı tələblər sosial ədalətin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
İqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, sosial müavinətlərin artırılması çox ciddi məsələdir.
Ekspertin sözlərinə görə, sosial müavinət alanlar say etibarı ilə heç də az deyil:

Natiq Cəfərli: Bu məsələni hər il gözlənti halına salmaqdansa qanunla tənzimlənməsi daha məntiqli olardı
“Sosial müavinətlərin bir kriteriyası olmalıdır. Bu müavinətlər minimum əməkhaqqından və yaxud yaşayış minimumumdan aşağı ola bilməz. Mövcud qanuna belə bir kriteriya əlavə etmək lazımdır. Əgər qanunda belə bir əlavə olarsa, avtomatik olaraq yaşayış minimumu və ya minimum əməkhaqqı artan kimi sosial müavinətlər də artmalıdır".
"Bu məsələni hər il gözlənti halına salmaqdansa, artacaq-artmayacaq kimi müzakirələr aparmaqdansa, qanunla tənzimlənməsi və bəlli bir mexanizm olması məncə, daha məntiqli olardı”, - Natiq Cəfərli qeyd edib.
Aydın Baxış
















