UEFA prezidenti Aleksander Çeferin FİFA-nın kommersiya hüquqları ilə bağlı planına yenidən münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Çeferin AS nəşrinə açıqlamasında futbolun idarə olunmasında birlik və şəffaflığın vacibliyini vurğulayıb:
“Bu oyunun gözəlliyi və ənənələri hamımızı onun xidmətçilərinə çevirir. Futbol onu oynayan, izləyən və həyatını ona həsr edən insanlara məxsusdur. Futbola olan inam üç prinsipə əsaslanır: birlik, şəffaflıq və azlığa deyil, çoxluğa xidmət edən idarəetmə”.
UEFA prezidenti FİFA-nın kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi ilə bağlı planının dünya futbolunda inamı sarsıtdığını deyib:
“Dünya futbolunun birliyini pozan layihə ləğv edilmiş ola bilər. Amma onun sarsıtdığı inam hələ bərpa olunmayıb. İndi bizim vəzifəmiz bu inamı geri qaytarmaqdır. Futbol satılmır. UEFA uzun illərdir bunu deyir”.
Qeyd edək ki, FİFA daha əvvəl, o cümlədən dünya çempionatı ilə bağlı aktivləri özəl investorlara satmağı planlaşdırıb. UEFA, Asiya Futbol Konfederasiyası və KONKAKAF təşəbbüsə qarşı çıxıb və layihə sonradan ləğv edilib.
















