Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətə referenduma getməyi təklif edib.
Bakıvaxıt.az Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan bu hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.
“Mən müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm. Xalq Konstitusiyaya “hə” desə, növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağam”, - Paşinyan qeyd edib.
Yeni Konstitusiyanın hazırlanmasından danışan Paşinyan vurğulayıb ki, sənədin ilkin layihəsi gələn həftə dərc olunacaq. Onun sözlərinə görə, Konstitusiya layihəsinə yenidən baxılmalıdır.
“Konstitusiya layihəsi, şübhəsiz ki, dəyişdirilməlidir, lakin “real Ermənistan” ideologiyasından kənara çıxa bilməz”, - Baş nazir əlavə edib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
















