"Sabah" - "Qarabağ" matçı çempionluq mübarizəsində ən mühüm görüşlərdən biri olacaq.
Bu fikirləri Bakıvaxtı.az-a Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev bildirib.
60 yaşlı futbol mütəxəssisi Misli Premyer Liqasının IX turunda baş tutacaq qarşılaşma barədə düşüncələrini paylaşıb:
"Hesab edirəm ki, bu, 6 xallıq matçdır. Çempionluq uğrunda mübarizədə ən əhəmiyyətli görüşlərdən biridir. Qalib gələn tərəf müəyyən qədər üstünlük qazana bilər. Hər iki komandanı bu oyuna həvəsləndirməyə gərək yoxdur. "Sabah" və "Qarabağ" adının özü futbolçular üçün əlavə stimuldur. Gərgin və intiriqalı matç gözləyirəm. Hər iki kollektiv hücum futboluna üstünlük verir. Fikrincə, qollarla yadda qalan görüş izləyəcəyik".
Ş.Diniyev bu cür qarşılaşmalarda favoriti müəyyənləşdirməyin çətin olduğunu qeyd edib:
"İndiki formasına baxdıqda "Sabah"ı bir pillə öndə görürəm. Lakin UEFA Çempionlar Liqasındakı çıxışlar müəyyən yorğunluğa yol aça bilər. "Qarabağ" isə hələlik öz oyun üslubunu tapa bilməyib. Çox sayda yeni oyunçu heyətə qatılıb. Futbolçuların uyğunlaşması üçün müəyyən müddət tələb olunur. Buna görə də komanda ən yaxşı formada deyil. Ancaq düşünürəm ki, heç bir amil bu matçın tempini aşağı salmayacaq. Azarkeşlərin çoxluğu da oyuna xüsusi ab-hava qatacaq".
Xatırladaq ki, "Sabah" - "Qarabağ" oyunu oktyabrın 25-də, saat 18:00-da start götürəcək.
















