22–28 sentyabr tarixlərində BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi keçirilir. Sessiyanın builki əsas şüarı “Etimadın bərpası, transformasiyanın idarə olunması: hamı üçün nəticə verən BMT”dir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, builki sessiyada əsas diqqət Yaxın Şərqdəki münaqişələrə, Rusiya-Ukrayna müharibəsinə, İsrail-Fələstin məsələsinə, süni intellektə və BMT-nin gələcəyinə yönəlib.
Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Körfəz ölkələrinin liderləri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri əsas diplomatik təmaslar sırasında yer alır. Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Marko Rubio ilə görüşünün də gündəmdə olduğu bildirilir.
Ş.Həsənova qeyd edib ki, Qəzza və Fələstin məsələsi sessiyanın əsas mövzularındandır:
“Fransa BMT Baş Assambleyası çərçivəsində iki dövlətli həll üzrə növbəti toplantı keçirməyi planlaşdırır. Bundan əvvəlki BMT Baş Assambleyasında Fransa və bir sıra digər dövlətlər Fələstin dövlətini tanıdıqlarını elan etmişdilər. Buna görə də builki toplantıda da Fələstin məsələsinin əsas diplomatik mövzulardan biri olması gözlənilir”.
Politoloq diqqəti BMT-nin növbəti Baş katibinin seçilməsi məsələsinə də yönəldib. Onun sözlərinə görə, Antonio Quterreşin mandatı 2026-cı ilin sonunda başa çatır. Builki sessiya həm də həssas məqamlarla yadda qalır. Antonio Quterreş çıxışı zamanı bütün zal tərəfindən alqışlanıb:
“Bu cür yüksək səviyyəli diplomatik platformalar Azərbaycanın regional təhlükəsizlik, Cənubi Qafqaz, enerji, nəqliyyat və çoxtərəfli diplomatiya məsələlərini beynəlxalq gündəmə təqdim etməsi baxımından da vacib platformadır. Dünyanın ən çox dövlət liderini bir araya gətirən bu tədbir çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatik görüşlər baş tutacaq. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da görüş və təmaslar qrafiki zəngindir”.

Şəbnəm Həsənova, politoloq
Ş.Həsənova Sülh Şurası ilə bağlı yüksək səviyyəli brifinqin də gündəmdə olduğunu qeyd edib. Burada əsasən Qəzzanın bərpasına nəzarət etmək planlarından söhbət gedir. Donald Trampın əsas məqsədinin bu qurumun müəyyən mərhələdən sonra BMT-ni əvəz etməsi olduğu bildirilir.
Rusiya-Ukrayna müharibəsinin də Baş Assambleyanın gündəmindən kənarda qalmadığını deyən politoloq Volodimir Zelenskinin Nyu-Yorkda Donald Trampla görüşünün gözlənildiyini bildirib.
“Bu görüşdən əvvəl ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Kuşner Kiyevdə Zelenski ilə, Moskvada isə Vladimir Putinlə görüşüblər. Deməli, BMT Baş Assambleyası ABŞ-Rusiya-Ukrayna diplomatik təmaslarının intensivləşdiyi bir platformaya da çevrilir”, - deyə o əlavə edib.
Müsahibimiz Qrenlandiya məsələsinin də diqqət çəkən mövzulardan biri olduğunu bildirib. ABŞ, Danimarka və Qrenlandiya arasında əldə edilməsi gözlənilən razılaşmalardan bəhs edilir:
“Süni intellekt və BMT-nin gələcəyinə toxunduğumuz zaman şübhəsiz ki, süni intellekt bu gün həyatımızın ayrılmaz bir hissəsidir. Bu baxımdan süni intellektin sürətli inkişafı Baş Assambleyanın builki gündəmində mühüm istiqamətlərdən biridir. Texnologiyaların beynəlxalq səviyyədə idarə olunması, təhlükəsizlik məsələləri və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi süni intellektdən səmərəli istifadə üçün zəruridir”, - deyə Şəbnəm Həsənova vurğulayıb.
Zeynəb Rzayeva
















