• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Universitetlər Bakıdan köçürülür? - TIXACIN HƏLLİ

CƏMİYYƏT

23 Sentyabr 2026 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

Universitetlər Bakıdan köçürülür? - TIXACIN HƏLLİ

Bakı şəhərinin tıxac problemi paytaxt sakinləri və şəhər idarəçiliyi üçün ən aktual çağırışlardan birinə çevrilib. Ekspertlərə görə, gündəlik həyatın ritminə, iqtisadi səmərəliliyə və ekoloji mühitə mənfi təsir göstərən bu problemin kökündə yalnız nəqliyyat vasitələrinin sayca artması dayanmır.

Mütəxəssislərin fikrincə, böhranın təməl səbəblərindən biri məhz şəhərsalma prinsiplərinin uzun illər ərzində pozulması və infratrukturun nizamsız inkişafıdır. Xüsusilə son onilliklərdə həyata keçirilən sıx tikinti işləri zamanı Baş Planın tələblərinin tam nəzərə alınmaması, yol-nəqliyyat şəbəkəsinin yüklənmə tutumunun düzgün hesablanmaması və sosial obyektlərin qeyri-bərabər paylanması şəhər mühitində kəskindisbalans yaratmışdır. Yaşayış komplekslərinin, biznes mərkəzlərinin və təhsil müəssisələrinin ərazinin buraxılış qabiliyyəti nəzərə alınmadan inşa edilməsi, dar küçələrin mövcudluğu və alternativ nəqliyyat dəhlizlərinin çatışmazlığı Bakının infrastruktur imkanlarını həddindən artıq gərginləşdirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tanınmış memar, professor Cahid Həsənov deyib ki, bütün dünyada olduğu kimi paytaxt şəhərlərə axınlar çoxdur.

Professorun sözlərinə görə, bu, təbii prosesdir və Bakıda da vəziyyət belədir:

“Burada ən əsas amil ondan ibarətdir ki, hazırda dövlətlə yanaşı, özəl sektorda MTK-lar tərəfindən çoxsaylı tikililər inşa edilir və sıxlıq baş alıb gedir. Sahibkar təbii olaraq milyonlarla vəsaiti elə məkana yatırır ki, satış zamanı kvadratı baha olsun, yəni pul qazanır”.

Müsahibimiz hesab edir ki, universitetlərin, bir neçə nazirliyin, komitələrin Bakı şəhərindən ən azından paytaxt ətrafındakı bölgələrə, yaxud regionlara inteqrasiyası reallaşsaydı, vəziyyət dəyişərdi. Onun sözlərinə görə, əgər bir ali məktəb rayona köçürülərsə, arxasınca digər infrastrukturları da aparacaq:

“Özəl sektor tikintiləri, MTK-lar həmin binaları Masallıda tikəcək, yaxud Qubada və başqa rayonda. Niyə? Çünki orada universitet var. Universitetin kənarında həmin evləri kimlərsə alaraq tələbələrə kirayəyə verəcəklər. Bunun ardınca, orada marketlər yaranacaq, yeməkxanalar, iaşə obyektləri tikiləcək. Bir ali məktəbdə təhsil alan 5-10 min tələbənin məskunlaşması, yemək-içməsi, gündəlik digər xərcləri zəncirvari olaraq digər iaşə obyektlərini, əyləncə mərkəzlərini də oraya cəlb edir”.

Cahid Həsənov: Əgər bir universitet rayona köçürülərsə, arxasınca digər infrastrukturları da aparacaq

C.Həsənov vurğulayıb ki, indiki halda MTK-lar hansısa rayonda tikintilər aparmaqla həmin pulu qazana bilməyəcək. Dediyinə görə, düzdür, yenə də tikirlər, amma Bakıdakı kimi qazanc əldə edə bilmirlər:

“Təsəvvür edin, Bakıda bina tikir və kvadratını 3-4 min manata təklif edir, ancaq rayonda həmin pula inşa etdiyi tikilidə kvadratını 1200-1300 manata sata bilir. Bu da sahibkara sərf etmir. Özü də satışı aylarla, bəzən illərlə çəkir. Amma Bakıda hələ bünövrəsi töküləndə binada mənzilləri satırlar. Ona görə də dediyim kimi, bəzi qurumlar rayonlara köçürülərsə, MTK-lar investisiyanı regionlara qoyacaqlar”.

Memar hesab edir ki, bu addımlar Bakının 28-30 faiz boşalmasına səbəb olacaq, sıxlıq seyrəkləşəcək. Həmsöhbətimiz vurğulayıb ki, Bakıdakı tıxac probleminin həllinə təsir göstərən ən ciddi məsələdən biri budur:

“Nəzərə almalıyıq ki, Bakı qədim şəhərdir və tarixi memarlıq abidələrinin sökülməsi, köçürülməsi mümkün deyil”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026