ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorkda görüşməsi BMT Baş Assambleyasının ən diqqətçəkən diplomatik təmaslarından biridir. Görüşün əhəmiyyətini artıran əsas məqam onun məhz Donald Trampın Volodimir Zelenski ilə danışıqlarından bir gün sonra keçirilməsidir.
Beləliklə, Vaşinqton faktiki olaraq ardıcıl şəkildə əvvəl Kiyevin, sonra isə Moskvanın mövqeyini dinləyir. Bu ardıcıllıq ABŞ administrasiyasının Ukrayna müharibəsinin dayandırılması üçün tərəflər arasında vasitəçilik imkanlarını qorumağa çalışdığını göstərir.
Hazırda diqqət çəkən məsələlərdən biri mümkün enerji atəşkəsidir. Zelenski Tramp ilə görüşdən sonra Rusiya Ukraynanın enerji obyektlərinə hücumları dayandıracağı halda Kiyevin də qarşılıqlı addım atmağa hazır olduğunu bildirib. Qışın yaxınlaşması fonunda bu məsələ xüsusilə əhəmiyyətlidir. Enerji infrastrukturu son dövrdə hər iki tərəfin bir-birinə təzyiq vasitələrindən birinə çevrilib. Buna görə tam atəşkəs əldə olunmasa belə, enerji obyektlərinin qarşılıqlı şəkildə hədəfdən çıxarılması daha geniş danışıqlar üçün ilkin etimad tədbiri rolunu oynaya bilər.
Ancaq Lavrovun son açıqlamaları Moskvanın danışıqlar naminə hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını göstərir. Rusiya danışıqların döyüşlər davam etdiyi şəraitdə aparılmasını mümkün hesab edir. Bu isə Moskvanın diplomatik prosesə hərbi vəziyyətdən ayrı baxmadığını göstərir. Başqa sözlə, Rusiya mümkün danışıqlara qədər cəbhədə əldə edə biləcəyi üstünlüklərdən imtina etmək istəmir. Bu səbəbdən Rubio-Lavrov görüşündən dərhal böyük sülh razılaşması gözləməkdənsə, tərəflərin hansı məsələlər üzrə yaxınlaşa biləcəyinə baxmaq daha doğru olar.
Görüşün ikinci mühüm tərəfi ABŞ-Rusiya münasibətlərinin özüdür. Ukrayna müharibəsi bu münasibətlərin əsas problemi olsa da, iki dövlət arasında müzakirə olunmalı məsələlər bununla məhdudlaşmır. Strateji təhlükəsizlik, sanksiyalar, diplomatik münasibətlər və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət Vaşinqtonla Moskva arasında yığılıb qalmış məsələlər sırasındadır. Buna görə Nyu-York görüşü yalnız Ukrayna ilə bağlı deyil, iki böyük güc arasında siyasi dialoqun hansı səviyyədə saxlanılacağını müəyyənləşdirmək baxımından da əhəmiyyət daşıyır.
Burada Tramp administrasiyasının seçdiyi diplomatik taktika da diqqət çəkir. Vaşinqton Moskva ilə birbaşa danışmaq kanalını açıq saxlayır, eyni zamanda Kiyevlə koordinasiyanı davam etdirir. Bunun üstünlüyü ondan ibarətdir ki, ABŞ hər iki tərəfin mövqelərini birbaşa öyrənə bilir. Lakin əsas çətinlik tərəflərin müharibənin hansı şərtlərlə dayandırılmasına dair mövqelərinin hələ də ciddi şəkildə fərqlənməsidir. Ərazi, təhlükəsizlik təminatları, sanksiyalar və Ukraynanın gələcək təhlükəsizlik statusu kimi fundamental məsələlər həll edilmədən yalnız atəşkəs üzərində əldə olunan razılaşmanın davamlı sülhə çevrilməsi çətin olacaq.
Bu baxımdan Rubio-Lavrov görüşünün əsas nəticəsini yalnız bu gün veriləcək bəyanatlarla ölçmək düzgün olmaz. Daha vacib məsələ görüşdən sonra ABŞ-Rusiya diplomatik kanalının necə davam edəcəyidir. Əgər tərəflər enerji obyektlərinə hücumların məhdudlaşdırılması kimi konkret və nisbətən dar məsələlər üzrə ortaq məxrəcə gələ bilsələr, bu, daha geniş danışıqlar üçün başlanğıc nöqtəsi yarada bilər. Əks halda Nyu-York görüşü tərəflərin mövqelərini bir daha bir-birinə çatdırdığı növbəti diplomatik təmas olaraq qalacaq. Hazırkı mərhələdə əsas sual Vaşinqtonla Moskvanın danışıb-danışmayacağı deyil, bu dialoqun döyüş meydanındakı vəziyyətə real təsir göstərib-göstərməyəcəyidir.
Alim Nəsirov
















