“İmmuniteti gücləndirmək üçün uşaqlarda vitamin və mineral çatışmazlıqları nəzərə alınmalıdır”
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.
Onun sözlərinə görə, uşaqların sağlamlığında və immun sisteminin normal fəaliyyətində dəmir, sink, vitamin C, omeqa-3 və vitamin D kimi vitamin və mineralların kifayət qədər olması vacibdir.
“Bizim vacib buyurduğumuz məsələlərdən biri uşaqlarda dəmir azlığının olmamasıdır. Dəmir, sink tərkibli qidaların kifayət qədər olması və sinkin də bədəndə yetərli səviyyədə olması vacibdir. Həmçinin vitamin C və omeqa-3-ün bədəndə kifayət qədər olması lazımdır”, - deyə pediatr bildirib.
Günay Salehova məktəbə və ya bağçaya hazırlıq dövründə uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin vacibliyini qeyd edib.
“Uşağın məktəbə, yaxud bağçaya hazırlıq dövründə həkim kimi tövsiyə edərdim ki, bu vitaminlər qanda yoxlanılsın”, - deyə o vurğulayıb.
Pediatr xüsusilə payız-qış aylarında vitamin D ilə bağlı məsələyə diqqət çəkib. Onun sözlərinə görə, vitamin D günəş şüalarının təsiri ilə orqanizmdə sintez olunduğundan günəşli mövsümün başa çatması ilə bəzi uşaqlarda onun profilaktik qəbuluna ehtiyac yarana bilər.
“Vitamin D-ni, dəmir azlığını nəzərə almaq lazımdır. Belə defisiti olan uşaqlarda immun sisteminin fəaliyyəti də zəif olur. Ona görə immuniteti gücləndirmək, uşağın aktivliyini və iştahını artırmaq istəyiriksə, qanda bu vitamin və mineralların – vitamin D-nin, dəmirin, sinkin mütləq yoxlanılması vacibdir”, - deyə Günay Salehova bildirib.
Zeynəb Rzayeva
















