BMT Baş Assambleyasının 81-ci sessiyasının ən mühüm mərhələsi bu gün - 22 sentyabrda başlayır. Nyu-Yorkda keçirilən yüksək səviyyəli ümumi debat sentyabrın 28-dək davam edəcək və dövlət, hökumət başçıları ilə xarici işlər nazirləri bir neçə gün ərzində dünyanın əsas siyasi problemləri ilə bağlı mövqelərini açıqlayacaqlar.
Təxminən 130 dövlət və hökumət başçısının tribunaya çıxması gözlənilir. Sessiyanın builki əsas mövzusu “Etimadın bərpası, transformasiyanın idarə olunması: hamı üçün nəticə verən BMT”dir.
Ancaq builki toplantını maraqlı edən yalnız liderlərin çıxışları deyil. Baş Assambleya çərçivəsində bir neçə konkret yüksək səviyyəli toplantı keçiriləcək. Sentyabrın 23-də İnkişaf Hüququ haqqında Bəyannamənin qəbulunun 40-cı ildönümünə həsr olunmuş toplantı və iqlim fəaliyyəti ilə ədalətli keçid üzrə yüksək səviyyəli görüş nəzərdə tutulub. Sentyabrın 24-də dəniz səviyyəsinin yüksəlməsinin yaratdığı təhlükələr, sentyabrın 25-də isə pandemiyaların qarşısının alınması və gələcək pandemiyalara hazırlıq məsələləri ayrıca liderlər səviyyəsində müzakirə ediləcək.
Bu toplantıların içərisində siyasi baxımdan diqqətçəkən istiqamətlərdən biri iqlim və təhlükəsizlik məsələlərinin getdikcə bir-birinə bağlanmasıdır. Xüsusilə dəniz səviyyəsinin yüksəlməsi artıq yalnız ekoloji problem kimi təqdim edilmir. Kiçik ada dövlətlərinin gələcəyi, əhalinin köçürülməsi, dövlətlərin ərazi və suverenlik məsələləri, maliyyələşdirmə və inkişaf etməkdə olan ölkələrin üzərinə düşən yük də gündəmə gətirilir. 24 sentyabr toplantısının məqsədlərindən biri məhz qarşıdakı onillik üçün praktiki prioritetlərin müəyyənləşdirilməsidir.
Baş Assambleyanın siyasi əhəmiyyəti isə əsasən rəsmi zalın kənarında baş verənlərlə ölçüləcək. Nyu-Yorkda eyni vaxtda dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin olması onlarla ikitərəfli və çoxtərəfli görüş üçün imkan yaradır. Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, İran məsələsi, ABŞ-Çin rəqabəti və regional münaqişələr bu görüşlərin əsas fonunu təşkil edir. Buna görə Baş Assambleyanın sonunda yalnız qəbul edilən sənədlərə deyil, hansı liderlərin bir-biri ilə görüşdüyünə və hansı yeni diplomatik kanalların açıldığına baxmaq daha vacib olacaq.
Digər mühüm məsələ BMT-nin özünün gələcəyidir. Hazırkı beynəlxalq böhranlar Təhlükəsizlik Şurasındakı veto mexanizmi, böyük dövlətlər arasındakı qarşıdurma və çoxtərəfli institutların qərar qəbul etmək imkanları barədə müzakirələri gücləndirib. Avropa İttifaqı da builki sessiya üçün müəyyən etdiyi prioritetlər sırasında BMT sisteminin daha effektiv və çevik şəkildə islahını, eləcə də təşkilatın sülh və təhlükəsizlik arxitekturasının gücləndirilməsini ön plana çıxarıb.
Buna görə Nyu-Yorkdakı toplantını sadəcə dünya liderlərinin illik çıxış mərasimi kimi qiymətləndirmək düzgün olmaz. Sentyabrın 22-dən 29-dək keçiriləcək görüşlərdə inkişaf, iqlim, pandemiyalara hazırlıq və nüvə silahlarının tam ləğvi kimi məsələlər ayrıca yüksək səviyyədə müzakirəyə çıxarılacaq.
Əsas siyasi sual isə bundan ibarətdir: böyük dövlətlər arasında rəqabətin kəskinləşdiyi indiki şəraitdə BMT real razılaşmaların əldə edildiyi platforma olaraq qala biləcək, yoxsa getdikcə daha çox dövlətlərin öz mövqelərini elan etdiyi diplomatik tribunaya çevriləcək?
Ruslan Zəngəzur
















