• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Toylara 120 nəfərlik limit: Restoranlar nə deyir, sosioloq nə düşünür?

CƏMİYYƏT

22 Sentyabr 2026 | 12:45 | Müəllif: Qalib İbrahimoğlu

Toylara 120 nəfərlik limit: Restoranlar nə deyir, sosioloq nə düşünür?

Azərbaycanda toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Lakin əhali arasında bu təklifə birmənalı yanaşılmır.

Bu tətbiqin hansı təsirləri ola bilər? Adam sayının azlığı toy edənlərin azalmasına səbəb ola bilərmi?

 Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki,ölkəmizdə toy mərasimləri ilə bağlı qaydalara ehtiyac var:

"Bir neçə ildir ki, biz toyda iştirak edənlərin say məhdudiyyəti və  toyun saat müddətinin azaldılması ilə bağlı təklifi irəli sürürük. Günümüzdə toy mərasimi öz adət-ənənə formasından çıxaraq çox vulqar bir şəkil alır. İştirakçıların sayının getdikcə artması, toyda iştirak edənlərin kiçik yaşlı uşaqları əhatə etməsi, toyun həddən artıq uzun saatlara davam etməsi, həmçinin toyun Bakı şəhərində eyni saatlarda davam etməsi narahatedici məqamlardır. Nə üçün həftəsonu toy iki saatlıq olmasın? Gərək elə bütün toylar axşam saatlarında, saat 6-da başlasın?”

Onun sözlərinə görə, bu təklifləri cəmiyyətdə müəyyən dərəcədə əks-səda da doğurur və artıq hiss olunur ki, cəmiyyət özü də buna hazırdır. Sadəcə olaraq, bununla bağlı müəyyən rəsmi məhdudiyyətin olmasına çox büyük ehtiyac var. Çünki bəzi insanlar bu məhdudiyyətlər və sosial nəzarət mexanizmi olmadan, tətbiqləri icra etməyəcəklər.

Sosioloq hesab edir ki, sözügedən təklifin əleyhinə olanların sayı çox azdır. Əksər insanlar həqiqətən toyun bu qədər geniş əhatəli  və vaxtının çox olmasından yorulublar.

"Buna görə də düşünürəm ki, qeyd olunan sosial normanın, qadağanın təklif olunmasının çox büyük müsbət nəticələri ola bilər. Cəmiyyətdə toy edənlərin sayında adam azlığının genişlənməsi əhalinin rifahına, istirahətinə və rahatlığına öz müsbət təsirlərini göstərəcək", - deyə müsahibimiz qeyd edib.

"Monte Kristo" Şadlıq Sarayının meneceri Vüqar Rüstəmov öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə indiki toy mərasimlərində qonaq sayında kəskin azalma müşahidə olunur:

"Xalqımızın adət-ənənələrinə əsasən deyə bilərəm ki, hər zaman toy mərasimlərində çox insan olub. Bəzi toylarda hətta 400 nəfərdən çox qonaq iştirak edirdi. Lakin indiki dövrümüzdə nadir hallarda toy mərasimində 400 qonaq iştirak edir. Hazırkı toylarda adətən 150-200 nəfər olur".

Bu azalmanın səbəblərinə toxunan V.Rüstəmovun fikrincə, insanların maddi rifahı toy şənliklərinin təşkilində də özünü göstərir.

Müsahibimiz qeyd edib ki, toy mərasiminin təşkili üçün maddiyyatın vacib olduğunu hər kəs bilir. Mövcud vəziyyətimizdə toy sahibi maddi çətinliklə üzləşməmək üçün qonaq sayının çox olmamasına üstünlük verir:

“Adətən gələcəyinə əmin olduqları qonaqları toya dəvət edirlər. Halbuki əvvəlki illərdə toy sahibi öz dost-tanışını toya rahatlıqla dəvət edirdi. Yəni, hazırda əksər insanların sosial vəziyyəti toy mərasimlərinin təşkilində böyük rol oynayır. Bu isə adam sayının azlığına səbəb olur”.

V.Rüstəmov onu da deyib ki, ölkəmizdə nikaha daxil olanların sayında ciddi azalma var:

“Məsələn, ötən illə müqayisədə bu il nikaha daxil olanların sayında 20% azdır. İnsanların evliliyə azalan marağı toy mərasimlərinin sayına da təsirsiz ötüşmür".

Toy müddətinin azaldılması ilə bağlı təklifə gəlincə, həmsöhbətimiz bu cür məhdudiyyətin restoranlar şəbəkəsinin fəaliyyətinə ciddi təsir etmədiyini bildirib:

"Əslində toy mərasimində menyunun qiyməti adambaşına hesablanır. Yəni, ümumi məbləğə toyun neçə saat keçirilməsi daxil deyil. Bu baxımdan toyun müddətinin 2 və ya 5 saatlıq olması restorana maddi qazanc vermir. Sadəcə olaraq toy müddətinin qısa olması texniki tərəfdən daha məqsədəuyğun ola bilər. İnsanlar düşünə bilərlər ki, toyun 2 saat olması nəticəsində restoran maddi tərəfdən qazanc əldə edib, eyni günə 2 toy təşkil edə bilər. Lakin bu yanaşma doğru olmaz. Çünki bir toy mərasiminə hazırlaşmaq üçün müəyyən qədər vaxt lazımdır. Yəni, bir gündə 2 saat sonra başqa toy mərasimini təşkil etmək mümkünsüzdür".

Son olaraq V.Rüstəmov qeyd edib ki, bütün hallarda restoranlar şəbəkəsi qanun çərçivəsində qəbul olunan qaydalara riayət etmək məcburiyyətindədir. Əgər sözügedən təklif qəbul olunarsa, onlar da yeni qaydalarla fəaliyyət göstərəcəklər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026