“İstehlakçılar kosmetik məhsul alarkən həm sağlamlıqlarını qorumaq, həm də saxta məhsullardan yayınmaq üçün bir sıra vacib məqamlara diqqət yetirməlidirlər”.
Bakıvaxtı.az xəbər verir ki. bunu Sağlam radio” nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov deyib.
Onun sözlərinə görə, ilk növbədə məhsulun qablaşdırılması, etiket məlumatları və üzərində göstərilən məlumatların tamlığı yoxlanılmalıdır:
“Məhsulun istehsal ölkəsi, istehsalçı şirkət, istehsal və son istifadə tarixi, istifadə qaydaları və saxlanma şəraiti barədə məlumatların olması olduqca vacibdir. Bundan əlavə, məhsulun qablaşdırılmasında hansısa zədələnmə, silinmiş və ya dəyişdirilmiş etiketlər müşahidə olunarsa, bu kimi hallara diqqətlə yanaşmaq lazımdır. İstehlakçıda məhsulun mənşəyi və ya təhlükəsizliyi ilə bağlı hansısa şübhə yaranarsa, satıcıdan həmin məhsula verilmiş gigiyenik sertifikatın surətini təqdim etməsini tələb edə bilər. Bu, istehlakçının daha məlumatlı seçim etməsinə və təhlükəsiz məhsuldan istifadə etməsinə kömək edir”.

O. İsmayılov qeyd edib ki, kosmetik məhsulların yalnız etibarlı satış məntəqələrindən, rəsmi mağazalardan və ya səlahiyyətli satış nümayəndələrindən alınması tövsiyə edilir:
“Qeyd etmək lazımdır ki, gigiyenik sertifikat məhsulun sanitar-gigiyenik norma və tələblərə uyğunluğunu təsdiq edən rəsmi sənəd olsa da, istehlakçının məhsulu alarkən onun qablaşdırılmasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməsi də sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi məqamlara diqqət yetirilməsi istehlakçının keyfiyyətli, təhlükəsiz və etibarlı kosmetik məhsul seçməsinə kömək edir”.
















