Xəbər verdiyimiz kimi, 2018-ci ilin noyabrında nakam şairimiz Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı İlham Əliyev işçi qrupunun yaradılması barədə göstəriş verib.
Bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürüldü. Bakıvaxtı.az-ın məlumatına görə, elə həmin dönəmdə bu iddialardan sonra Əhməd Cavadın nəvəsi Anar Axundzadə məsələyə dərhal reaksiya verərək sözügedən işçi qrupu ilə əlaqə saxlayıb. İşçi qrupu vədinə əməl edərək A.Axundzadəni dəvət edib, ondan DNK analizi götürüb.
Qeyd edək ki, məsələnin üstündən uzun müddət keçib. Maraqlıdır ki, proseslə bağlı yenilik varmı?
Bakıvaxtı.az-ın sualını cavablandıran Əhməd Cavadın nəvəsi Anar Axundzadə qeyd edib ki, DNK-nın nəticələri ilə bağlı heç bir yenilik yoxdur:
“O zaman necə idisə, elə də qalıb. Heç bir hərəkətlilik yoxdur. Deyəsən, məsələləri saxlayıblar. Proses olduğu səviyyədə qalıb. O vaxt dəvət etdilər, analiz verdim. Müzakirələr aparıldı, sonra heç bir məlumat çıxmadı”.
Aydın Baxış
















